1456
Dünən 14 may — 16:10

Nə gözəl yaraşır Muğana ceyran...

Səfərimizə bələdçilik edən avtomobil qəfil dayandığından bizim sürücü də əyləci basır. Niyə durduğumuzu anlamağa imkan tapmamış kimsə heyrətlə uzaqdakı ceyran sürüsünü göstərir: baxın, ceyranlar, özü də lap yaxında!

Hamı az qala nəfəs almadan ürkək-ürkək ərtafa baxan ceyran sürüsünə diqqət kəsilir. Şairlərin vəsf elədiyi bu gözəl canlını təbiətdə görmək qəribə və sevinc qarışıq duyğular yaradır. Məlum olur ki, hətta aramızda ceyranı həyatında ilk dəfə görənlər var. Amma ona yaxınlaşmaq, toxunmaq, sığallamaq kimi istəklərimiz gözümüzdə qalır. Təhlükə hiss edən heyvanlar bir anda gözdən itirlər. O saniyələrdən ancaq tarixə həkk olunmuş fotoşəkillər qalır...

“May, iyun ayları ceyranların bala verən vaxtlarıdır. Belə vaxtda onları nadir hallarda müşahidə etmək olur. Bu aylar adətən kolların arasında gizlənirlər”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə jurnalistlərə izah edir.

Nazirliyin ucu-bucağı görünməyən “Şirvan” Milli Parkına jurnalistlər üçün təşkil etdiyi ekotur belə başlayır. 11 marşrutdan ibarət olan qoruğun ərazisi Şirvan Milli Parkı, Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı da daxil olmaqla  65 min hektardan artıqdır. 1960-cı ildə yaradılan və hazırda üç rayonun – Neftçala, Salyan və Qaradağ rayonlarının ərazisini əhatə edən milli parkda vaxtilə nəsli kəsilmək üzrə olan və “Qırmızı kitab”a düşən bir çox canlıları qoruyurlar.

Hazırda “Şirvan” parkında olan ceyranların sayı 7 minə yaxındır. Həm də bu qoruqda qorunan təkcə canlı deyil. Milli parkda ceyranlarla yanaşı dovşan, turac, flaminqo, kiçik qarabatdaq, qamışlıq pişiyi və digər heyvanları da görmək mümkündür. Bələdiçimiz zarafatla deyir ki, əgər bəxtimiz gətirsə, sürü ilə gəzən canavar və çaqqalları da görə bilərik. Amma deyəsən “bəxtimiz gətirmir” və yırtıcıları görə bilmirik. Daha çox gecələr ov dalınca çıxan bu canlılar gözə dəyməsələr də, əvəzində təpəciklərin üstündə səssiz oturan turac və torağaylar, bir də sürü ilə gəzən ceyranlar addımbaşı qarşımıza çıxır.

Suyun altında qalan şəhərlərin qalıqları, palçıq vulkanları...

Milli parkın bələdçisi Seymur Şərifov deyir ki, ərazi böyük olduğundan burada həm dəniz sahili, həm də səhra və yarımsəhra zonaları görmək mümkündür. Hazırkı milli park ərazisində vaxtilə iki qədim şəhər də olub. Bəzən dənizdən əsən külək qədim şəhərlərin qalıqlarını sahilə çıxarır. Bu da parka gələn həm yerli, həm də xarici turistlərin marağına səbəb olur: “Turistlər üçün ən çox maraq doğuran yerlər Bəndovan, Qırmızıqum marşrutları, Qızılqaz gölü və Bəndovan palçıq vulkanlarıdır.

Qırmızıqum sahilində IX-XIII əsrlərdə Bəndovan və Kürsəngi  şəhərləri olub. Dənizin qabarması nəticəsində şəhərlər suyun altında qalıb. Bəzən küləklər suyun içərisindən şəhərin qalıqlarını vuraraq sahilə çıxarır. Biz həmin qalıqları, qədim mədəniyyət nümunələrini toplayaraq parkın girişində kiçik muzey yaratmışıq”, - deyə bələdçi bildirir.

Muzeydə həmçinin uşaqlar üçün xüsusi guşə yaradılıb. Qədim mədəniyyət nümunələri ilə tanış olan balacalar həm də burada iri taxta lövhələr üzərində hazırlanmış ceyran təsvirinin pazlını yığmaq imkanı əldə edirlər. Ekotura qoşulmuş uşaqlar sevincək bu fürsətdən istifadə edirlər.

“Şirvan” Milli Parkında tez-tez qamışlıqdan düzəldilmiş müşahidə qüllələri də rastımıza çıxır. Bələdçi bildirir ki, burada binokl vasitəsilə quşlar və digər canlılar müşahidə olunur. Məlum olur ki, milli park ərazisində  230 növ quş, 8 növ suda-quruda yaşayan canlı var. Quşların 34 növü isə beynəlxalq “Qırmızı kitab”a salınmış quşlardır. Əksər quşlar mövsümlə əlaqədar olaraq buraya köç edirlər, qoruğun daimi sakinləri sultan toyuğu və turacdır.

Ən maraqlı marşrutlardan birini – Flaminqo gölü marşrutunu seçirik. Buradan başlayaraq sonsuz yarımsəhra üfüqə qədər  uzanır. Parkın mərkəzində isə “Göl evi” yerləşir. Buranın eyvanından palçıq vulkanlarını, kanalları, Qızılqaz gölünü və heyvanları müşahidə etmək olar. Bir də, qoruğa gəlmişkən Qızılqaz gölünün içərisinə çəkilmiş müşahidə platformasını – estakadanı görmədən getmək olmaz. Qamışlıqlarla əhatə olunmuş estakada gölün dərinliyinə aparır. Burada həm təbiətin insan əli dəyməmiş çılpaq gözəlliklərini seyr etmək, həm də quşları müşahidə etmək mümkündür. Yəqin qoruğun ənənəvi sükutunu pozduğumuzdan quşlar gözə dəymirdi, amma estakadanın altında qamışlığın içərisində sultan toyuğunun yuvası və yumurtaları tura qoşulmuş balacaların sevincinə səbəb olur.

Avropanın ən çox ceyran məskunlaşan məkanını turistlərə həmişə açıqdır

H. Əlizadə deyir ki, “Şirvan” Milli Parkına əsas turist axını payızda və qış aylarında mülayim havalarda müşahidə olunur. Yayda hava çox isti olduğuna görə gələn çox az olur: “Ərazi baxımdan Azərbaycanın ən böyük milli parlarından biri olan “Şirvan” milli parkı zəngin bioloji müxtəlifliyin, orditologiya aləminin , xüsusilə ceyran populyasiyasının mühafizəsi məqsədilə yaradılıb.  Avropanın ən çox ceyran məskunlaşan məkanıdır. Parkın yaradılmasının məqsədlərindən biri də turistlər üçün şərait yaradılmasıdır. Ümumiyyətlə, milli parkın digər xüsusi mühafizə olunan ərazilərdən fərqi onun tirustlərin üzünə açıq olmasıdır. Ötən il parkı ziyarət edən turistlərin sayı 1800 nəfər olub. Bu ilin 4 ayı ərzində isə parka 500-ə yaxın turist gəlib. “Şirvan” Milli Parkına istənilən vaxt turistlər gəlib xoş təəssüratlarla ayrıla bilər.”

Həmsöhbətimiz deyir ki, bu ərazidə heyvan balansını təbiət özü tənzimləyir. Burada yırtıcı heyvanlar da var, ceyran populyasiyası olduğuna görə canavar, çaqqal, tülküydə də rast glinir. Eyni zamanda qoruğun quşlar aləmi də zəngindir. Qızrmızı kitaba düşən növlər buradan keçir, bir hissəsi də burada qışlayır. Həmsöhbətimiz deyir ki, ceyranların süni artımı ilə bağlı heç bir plan nəzərdə tutulmayıb: “Ərazinin özünün mühafizə olunması ceyranların artımına şərait yaradır. Bu bizə imkan verir ki, 2010-cu ildən etibarən ceyranları tarixən məskunlaşmış ərazilərə köçürək. 7 il ərzində 171 baş ceyran “Şirvan” qoruğundan xüsusi vasitələrlə tutulub Ağcabədi, Qobustan, Goranboy, Abşeron milli parkının ərazisinə köçürülüb. Həm də orada bu heyvanların təbii artımı qeydə alınıb. Bu “İdea” İctimai Birliyi, Heydər Əliyev Fondu ilə birgə nazirliyin son illər Qafqazda həyata keçirilən ən uğurlu layihələrdən biridir.”

“Biz istəyirik ki, insanların ətraf mühitə münasibətini dəyişək”

Ekotur zamanı öyrənirik ki, parkın əsas ziyarətçiləri əcnəbilərdir. Giriş üçün bilet qiyməti kifayət qədər münasib ( böyüklər üçün 2 manat, uşaqlar ödənişsiz) olsa da, yerli vətəndaşlar arasında belə məkanlara maraq nisbətən zəifdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, mətbuat nümayəndələri üçün belə səfərlərin təşkili həm də təbliğat baxımından faydalı ola bilər: “Biz ekoturizmin təbliği üçün bu səfəri təşkil etmişik. Çünki jurnalistlər ən yaxşı təbliğatçıdırlar, onlar bu baxımdan bizə kömək edə bilərlər. Biz istəyərdik ki, insanlarda ətraf mühitə olan münasibəti dəyişək. Təbitəti öz evləri kimi sevsinlər,  qorusunlar. Bu gözəlliklərlə yaxından tanış olsunlar. Parka gələnlərin çoxu əcnəbilərdir. Parkda piknik üçün gözəl şərait var, bələdçilər ayrılıb, marşrutlar müəyyən olunub. Biz gələcəkdə ekoturizmin inkişafı ilə bağlı turizm  şirkətləri ilə birgə layihələr həyata keçirməyi planlaşdırırıq”.

Şirvan” Milli Parkının direktoru Füzuli Məmmədov isə son vaxtlar ərazidə canavarların sayının artdığını deyir. Onun sözlərinə görə yırtıcıların artması ceyranlara ziyan vurur: “Hərdən vəhşi təbiətdə də disbalans yaranır. Hazırda canavar üçün münbit şərait yaranıb. Ona görə sayı artıq və ceyranlara ziyan vururlar. Ola bilərki, gələcəkdə texniki tədbirlər həyata keçirilsin, canavarların sayı tənzimlənsin”.  

Həmsöhbətimiz deyir ki, gələcəkdə parkda turist səfərləri təkcə piyada gəzinti ilə deyil, həm də sualtı səfərlərin təşkili, dəniz çimərliyinin istifadəyə verilməsi nəzərdə tutulub. Parkın potensialı böyük olduğundan gələcəkdə həm də at gəzintisi də planlaşdırılır. 

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər