1453
Dünən 10 may — 13:43

Kurrikulum qaldı qıraqda, DİM şagirdləri köhnə testlərlə sınadı

Artıq bəllidir ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanları yeni qaydalarla keçiriləcək. Dövlət İmtahan Mərkəzi mayın 6-da 10-cu siniflər üzrə sınaq imtahanı keçirdi, məqsəd gələn il tətbiq ediləcək modelə hazırlıq idi. Amma imtahandan narazı qalanlar oldu, xüsusilə təhsil ekspertləri, valideynlər DİM-i test tapşırıqlarının yeni qaydalar üzrə hazırlamamaqda ittiham etdi.  

Təhsil üzrə ekspert Etibar Əliyev virtualaz.org saytına deyib ki, sınaq imtahanında 22 qapalı, 8 açıq tipli sual olub.

“Bu sınaq imtahanı gələcəkdə keçirilən imtahan modelinin formalaşdırılmasının tərkib hissəsidir. 8 açıq tipli sualların 3-nün yazılı formada cavablandırılmasının tələb olunması  yenilikdir. Bu yolla şagirdlər yoxlanılır, araşdırılır ki, onlar əzbərçiliyə meyllidirlər, yoxsa düşünmək qabiliyyətləri formalaşıb? Ümumiyyətlə, test tətbiq olunurkən belə bir sual qoyulur: bu testlər şagirdlərin düşünməsinə imkan yaradırmı, onlar düşünə bilirlərmi?”, -Əliyev söyləyir.

Ekspert əlavə edib ki,  orta məktəb şagirdləri açıq tipli suallara adaptasiya ola bilməyiblər: “Ötən il imtahan verən 9-cu sinif şagirdlərinin 40 faizi riyaziyyat fənnindən 10 açıq tipli sualda “0” qiymətləndirildi.  Kurikulum məhz riyaziyyat fənninə çox böyük zərbə vurdu. 9-cu illliyin buraxılış imtahanlarının nəticələri təkrarlanarsa tələbə yerləşdirməsində ciddi boşluqlar yarana bilər”.

Əliyev ehtimal edir ki,  açıq tipli sualların faizinin genişlənməsi şagirdlərin daha pis nəticələr göstərməsinə səbəb olacaq. Bu isə DİM-in deyil,  məktəblərin problemidir. Müəllimlər çox zəhmət çəkmədən uşaqları daha çox qapalı tipli testlərə alışdırıblar. Açıq tipli sualların tətbiq edilməsi isə  onu göstərir ki, xüsusilə riyaziyyat fənnində ciddi boşluqlar var.

“Müəllimlər bu istiqamətdə ciddi çalışmalıdırlar. Şagird hazırlığı aşağı səviyyədədir. Şagirdlərin zəif nəticə göstərməsi DİM-in tətbiq etdiyi suallar, testlərlə bağlı deyil. Onlar proqramdan kənara çıxa bilmirlər. Buna görə də məktəb müəllimləri qəflət yuxusundan ayılmalıdırlar”, -Etibar Əliyev qeyd edib.

Təhsil üzrə digər ekspert Kamran Əsədov isə deyir ki, sınaq imtahanlarından sonra test tapşırıqlarının kurikuluma uyğun hazırlanmadığı bəlli olub. O xatırladıb ki, 2008-ci ildən orta məktəblərdə dərslər kurikulum standartları ilə keçirilir. Bütün dərsliklər, təlim vəsaitləri kurikulum əsasında hazırlanıb. 2008-ci ildə birinci sinifə gedənlər ötən il 9-cu sinifi bitirdilər.

“Amma ilk buraxılış imtahanının nəticələri bərbad oldu. Məlum oldu ki, şagirdlər bu tipli test tapşırıqları ilə işləyə bilmirlər”- o, deyir.

Ekspertin sözlərinə görə, 151 min müəllim, 1,6 milyon şagird yeni standartlarla təlimə hazırlaşıb, testlər, test modelləri kurikulum standartları ilə hazırlanıb.

Ekspert deyir: “Azərbaycan təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçir. Buna görə də gələn ildən qəbul  yeni standartlarla olacaq. Valideynlər də məhz buna görə DİM-in tərtib etdiyi sual kitablarını, test tapşırıqlarını alırdılar. Təsəvvür edin ki, hər valideyn fənnlər üzrə test kitabçalarına 150 manata yaxın vəsait ödəmişdi. Amma dünənki sınaq imtahanında  ənənəvi testlər oldu”.

K.Əsədov əlavə edib ki, verilən ziddiyyətli suallarla bu sınaq imtahanı əvvəlkilərdən fərqlənməyib. Onun fikrincə maraqlı odur ki, heç kim DİM-in hazırladığı test tapşırıqlarının şəxsiyyəti formalaşdırılmasında rolunu, gələcəkdə əmək bazarının təlabatına uyğun kadr hazırlanıb-hazırlanmadığını, sınaq imtahanlarının necə rellaşdırıldığını yoxlamır. Halbuki bu məsələni  təhlil etmək lazımdır.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər