612
Dünən 11 aprel — 17:30

“Facebook” və “Google” bizi necə izləyir?

Bu həftə “Facebook” rəhbəri Mark Zükerberq Konqres qarşısında şirkətin siyasəti və qaydalarına dair ifadə verir. Amerikalılar texnologiya nəhənginin onların haqqında nə qədər məlumat topladığını kütləvi şəkildə öyrənmək istəyirlər. “Facebook” bildirib ki, şəxsi məlumatları özlərinin icazəsi olmadan «Cambridge Analytica» siyasi konsaltinq şirkətinə ötürülmüş 87 milyon istifadəçini bu həftə məlumatlandırmağa başlayacaq. Sosial şəbəkə bundan başqa istifadəçilərin öz məlumatlarına nəzarət etməsini asanlaşdıracaq bir neçə dəyişiklik edib.

Bu və digər dəyişikliklər istifadəçiləri inandıra bilər. Ancaq onlar əksər amerikalıları narahat edən suala cavab tapmağa çalışacaqlar: “Google” və “Facebook” kimi iri texnologiya şirkətləri onların hansı şəxsi məlumatlarına sahiblənib və onlar bu məlumatları nə edəcəklər?

İnsanların bu suallarına cavab verməkdən ötrü hər iki şirkət istifadəçilərə öz şəxsi məlumatlarını yoxlayaraq sonradan onları silmək imkanı verir.

“Google”un bildikləri bəzilərini təəccübləndirə bilər. «Məkan tarixçəsi» (Location History) funksiyası işə salınırsa, şirkət sizin bir gün əvvəlki velosiped gəzintinizin marşrutundan tutmuş uşaqlarınızla şam yeməyinizi harada yediyinizə qədər hər şeyi bilir. O, sizin axtarış tarixinizi və “YouTube” tarixinizi qoruyub saxlayır. Hər iki halda nələri axtardığınızı və nələrə baxdığınızı dəqiqliyi ilə bilir. Bunu yoxlamağın kəsə və asan üsulu var. “Google”un haqqınızda bildiyi hər şeyi tapmaq üçün takeout.google.com və ya myaccount.google.com səhifəsinə daxil olaraq «download all data»nı basmaq lazımdır. «Control your content» (Kontentinə nəzarət et) bölməsində sizə arxiv yaratmaq təklif olunacaq. “Google”dan nə zaman istifadə etməyə başladığınızdan asılı olaraq, bu proses bir neçə saat ala bilər.

“Google” bu məlumatları yalnız sizin görə bildiyinizi iddia edir və bütöv kateqoriyalara daxil olan ayrı-ayrı məlumat qruplarını, məsələn, axtarış tarixçəsini silmək imkanı verir. Ancaq şirkət, eyni zamanda, istifadəçilərə xatırladır ki, datanın silinməsi “Google” məhsul və xidmətlərinin onlara gələcəkdə özəl xidmət göstərmək imkanlarını zəiflədə bilər. “Google” məhz axtarış tarixçəsi və digər şəxsi məlumatlar əsasında hər istifadəçiyə özəl xidmət göstərir.

Sosial media nəhəngi bu yaxınlarda «Settings» bölməsinə «Öz məlumatlarına çıxış» (Accessing Your Information) adlı yeni kateqoriya daxil edib. Bu funksiyanın köməyi ilə istifadəçi öz məlumatlarını asanlıqla kompüterinə və ya digər cihazına endirə bilər. Endirilən məlumatlar arasında paylaşımlar, fotolar, videolar, bütün mesajlar və çat söhbətləşmələri var. Endirilən faylda bundan başqa, istifadəçinin maraqları və ünvanlı reklamlar göndərmək istəyən reklamçılara maraqlı ola biləcək digər mövzular da yer alıb. Burada istifadəçinin əlaqə məlumatlarına malik olan reklam sifarişçilərinin adları da var. İstifadəçilər burada öz “Facebook” hesablarından daxil olduqları üçüncü tərəflərin (app-lərin) adlarını da görə bilərlər.

İstifadəçi öz hesabını bağlama prosesinə başlayırsa, “Facebook” ona tanıdığı insanların fotolarını göstərməyə və “Facebook”u tərk edərsə, həmin adamların ondan ötrü darıxacağını xatırlatmağa başlayır. İstehlakçılar öz rəqəmsal profillərini gördükləri zaman bu məlumatların nə üçün toplandığını soruşa bilərlər. Bununla bağlı yeni limitlər olmalıdırmı?

ABŞ-da bu yaxınlarda keçirilmiş rəy sorğusu amerikalıların 41%-nin “Facebook”un ölkənin gizlilik qanunlarına əməl etdiyinə inandığını üzə çıxarıb. İstifadəçilər sosial şəbəkənin rəqiblərinə daha çox inandıqlarını bildiriblər. Belə ki, rəyi soruşulanların 66%-i “Amazon”a, 62%-i isə “Google”a aid olduğu “Alphabet”ə etibar etdiyini bildirib.

Virtualaz.org

Xəbərlər