652
Dünən 9 aprel — 20:28

Suriyanın BMT-dəki xüsusi nümayəndəsi: “Onlar bu ölkəyə od vurdular”

Hətta daban-dabana zidd mövqelərə malik siyasi analitiklər bir məsələdə yekdildirlər: Suriya münaqişəsi dünyadakı ən mürəkkəb geosiyasi münaqişələrdən biridir. Ölkə büsbütün dağılıb, qalıqlarını isə vətəndaş müharibəsi və xarici təcavüz parçalayır. Bir vaxtlar kübar, bütün cəhətlərdən inkişaf etmiş Suriya qiyamət xaosuna düçar olub.

Bakıda keçirilən Qoşulmama Hərəkatı üzvlərinin xarici işlər nazirlərinin konfransının gedişində Suriyanın BMT-dəki xüsusi nümayəndəsi Bəşər əl-Cəfəri regionun bu cür faciəvi vəziyyətdə olmasının səbəbləri barədə virtualaz.org-un əməkdaşına danışıb: “Çoxları regiondakı müstəqil, çiçəklənən Suriyanı bəyənmirdi və onlar bu ölkəyə od vurdular”.

“Əvvəlcə bütün mitinqlər dinc xarakter daşıyırdı və prezident Bəşər Əsəd müxalifətlə danışıqlara, islahatların keçirilməsinə razılığını bildirirdi. Lakin zaman keçdikcə mitinqlər radikallaşdı, ekstremistlər demokratik proseslərə sahibləndilər və işi müharibəyə gətirib çıxardılar”, - suriyalı diplomat deyir.

Münaqişənin digər səbəbi kimi Əl-Cəfəri Qətərdən Suriya, Türkiyə ərazilərindən keçməklə Avropaya uzanacaq qaz kəmərini qeyd edib.

“2008-ci ildən Qərb və ərəb dövlətləri – ABŞ-ın satellitləri bizi tələsdirirdilər, hətta bu layihəni maliyyələşdirməyə də hazır idilər. Suriyalılar imtina etmirdilər, lakin bu layihəni öyrənmək üçün vaxt istəyirdilər. Anlayırdıq ki, bu iqtisadi layihədən çox geosiyasi layihədir və əsas məqsədi Rusiyanı Avropa qaz bazarından çıxarmaqdır”, - o vurğulayır.

Bəşər əl-Cəfəri

Ərəb baharından sonra Qərbin, Türkiyənin, Səudiyyə Ərəbistanının və Qətərin tələbləri sərtləşməyə başladı. Lakin Suriyanın prinsipial mövqeyini və maraqlarını qorumasını görərək onlar başqa planı işə saldılar: ölkənin qanuni hökumətini devirməli.

“Deyəcəksiniz ki, biz səhvlərə yol vermişik. Etiraf edirəm ki, bəli. Biz gənclər siyasətini düzgün aparmamışıq, ölkədəki radikal axınların qarşısını sərtliklə almamışıq. Lakin ilk növbədə Suriya qaz kəmərinin qurbanı oldu. Əgər biz də başqa ərəb ölkələri kimi ABŞ-ın qarşısında boyun əyib bütün dediklərini qeyd-şərtsiz yerinə yetirsəydik, sizi inandırıram ki, ölkəmdə belə dağıdıcı müharibə olmayacaqdı. İş burasındadır ki, biz marionet dövlət olmaq istəmirdik. Suriya xalqı öz tarixində bu cür proseslərlə üzləşib və həmişə də onlardan şərəflə və daha güclü çıxıb”, - Əl-Cəfəri qeyd edib.

Onun sözlərinə görə, indi ölkədə vəziyyət iki il bundan əvvəlkinə nisbətən daha yaxşıdır. Müttəfiqlərin – Rusiya və İranın sayəsində terrorçuları ölkənin böyük bir hissəsindən çıxarmaq mümkün olub. İndi əsas vəzifə ölkəni xarici təcavüzkarlardan təmizləməkdir. Lakin hələlik Suriyanın ərazi bütövlüyü və suverenliyi pozulmuş haldadır. Diplomatın fikrincə, ABŞ, Türkiyə, İsrail və bir sıra Avropa ölkələri Suriyanın torpaqlarını işğal edərək oradan çıxmaq istəmirlər.

“Hesab edirik ki, Amerikanın hərbi iştirakı və “beynəlxalq koalisiya”nın düşmən hərəkətləri bizim suverenliyimizə qarşı təcavüzdür. Suriyalılar dəfələrlə Türkiyə hakimiyyətini Afrindəki əməliyyatları dayandırmağa çağırıblar, lakin eşidilməyiblər. Türkiyə ilə sərhədimizin böyük hissəsinə tərəfimizdən nəzarət olunmur. Lakin hamı bilsin ki, Suriya öz ərazisinin işğalı ilə barışmayacaq və sonuncu işğalçı ölkəni tərk edənə kimi mübarizə aparacaq. Suriyanın taleyi çox ölkələr üçün dərs olmalıdır və hazırda gələcək dünya düzəninin taleyi bizim ölkədə həll olunur. Amerikalılar istənilən bəhanədən istifadə edirlər ki. Suriyada qalsınlar. İraqın işğalı zamanı da belə olmuşdu”, - deyən Əl-Cəfəri qeyd edir ki, Suriya nəhəng dövlətlərin ilk qurbanı deyil.

Əl-Cəfəri şübhə etmir ki, Fələstinə öz dövlətini qurmaqda törədilən maneələrin, İraqa və Liviyaya hücumların, cihadçı hərəkatın qurulmasının və beynəlxalq terrorçuluğun təşkilinin arxasında ABŞ-ın imperiya iddiaları durur.

İsrail haqqında da kifayət qədər sərt danışan diplomat bildirib ki, bu dövlət ərəb torpaqlarını işğal edib və həmin torpaqlara Suriyanın Qolan yüksəklikləri də aiddir. Onun sözləırinə görə, suriyalılar bu torpaqların azad edilməsi uğrunda mübarizə aparacaqlar.

Əl-Cəfəri Rusiyanı öz ölkəsinin müttəfiqi adlandırır və bildirir ki, suriyalılar Rusiyaya etibar edirlər.

“Çox təəssüflənirik ki, ərəb qardaşlarımız Suriyaya qarşı işğalçı planlara qoşuldular. Hamıya məlumdur ki, Qətər və Səudiyyə Ərəbistanı “Ən-Nüsra”nı maliyyələşdirirlər. Terrorçuların hazırlanmasını maliyyələşdirir və onları silahla təchiz edirlər. Bunu suriyalılar demir, BMT Təhlükəsizlik Şurasının məruzəsi bunu sübut edir. Lakin gec-tez həmin ölkələr səhvlərini anlayacaqlar”, - diplomat deyib.

Zaur Rəsulzadə

Virtualaz.org

Xəbərlər