1114
Dünən 7 aprel — 16:50

Bundan sonra dayanacağa görə pul verməyib aradan çıxmaq mümkün olmayacaq

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus bütün avtomobil dayanacaqlarında yeni sistem qurulur. Bundan sonra dayanacağa girib ödəniş etməyən və ya az ödəniş edən sürücülər haqqında məlumatlar sistemdə qeyd olunacaq və ayın sonunda onlara borcları ilə bağlı məlumat göndəriləcək. Bu məqsədlə avtomobil parklarında işləyən bütün işçilərə xüsusi cihazlar paylanır.

Bu barədə virtualaz.org-a dayanacaqda işləyən nəzarətçilər məlumat veriblər.

Onların sözlərinə görə, hazırda yeni sistem üzərində iş getdiyindən bütün təfərrüatlar məlum deyil: “Bəzən avtomobil dayanacağa girir və çıxanda sürücü ödəniş eləmək istəmir. Onda biz çeki vururuq və həmin ödəniş onun adında qalır. Ayın axırında ünvanına göndərilir ki, sizin 3 manat və ya 5 manat ödənməmiş məbləğiniz var. Hazırda BŞİH tərəfindən bunun server sistemi qurulur. Ayın sonunda bütün dayanacaqlara girib-çıxan avtomobillərin çıxarışı hazırlanacaq. Hansı nömrəli avtomobilin ödənməmiş məbləği var və ya hansı avtomobilin ehtiyat neçə manatı var, bunlar hamısı görünəcək. Amma hələ iş getdiyinə görə təfərrüatları biz özümüz də bilmirik”, - deyə “28 May” metro stansiyasının yaxınlığında yerləşən dayanacağın özünü təqdim etmək istəməyən əməkdaşı bildirir.

Dayanacaq nəzarətçiləri yeni sistemdən razı görünürdülər. Onların sözlərinə görə, bu onlarla ödəniş etmək istəməyən sürücülər arasında narazılıq və dava-dalaş hallarının qarşısını almış olacaq: “Bəzən sürücü dayanacağa girəndə 20 dəqiqə qalmaq üçün 1 manat vurur. Biz dayanacağa girən avtomobili cihazda qeyd edirik. O zaman həmin sürücünün dayanacaqdan çıxarkən 80 qəpik rezervi qalır. Gedəndə bu onun hesabında görünür. Həmin rezervdən gələn dəfə növbəti dayanacaqda istifadə edə bilər. Bəzən sürücülər saatlarla burada avtomobil saxlayırlar, amma çıxanda ödəniş eləmək istəmirlər. Biz onları cərimə eləmirik, çünki buna ixtiyarımız çatmır. Biz onlara ödəniş etməyi təklif edirik. Əgər ödəmək istəmirsə, sadəcə “yaxşı yol” deyib sağollaşırıq. Yeni cihazda həmin avtomobilin burada nə qədər qaldığı ilə bağlı məlumatlar olur. Biz çıxarış veririk, həmin informasiya mərkəzə gedir. Mərkəzdə ay ərzində yığılır və həmin sürücüyə göndərilir”, - deyə Vahid adlı nəzarətçi bildirir.

Amma ödənişi etməyən sürücünün hansı hallarda və hansı miqdarda cərimələnəcəyini heç kim bilmir.

Dilarə Əliyeva küçəsindəki avtomobil parkının əməkdaşı Vüsal Mirzəyev isə yeni sistemin sürücülərin maarifləndirilməsi məqsədilə edildiyini, hər hansı cərimədən söhbət getmədiyini bildirir: “Cərimə sistemi hələ yoxdur. Hələ 1-2 ay maarifləndirmə olacaq. O maşınlara cərimə düşür ki, girib avtomobili park edir və 1 sutka götürmür. Qanuna görə, bunun 20 manat cəriməsi var və 20 manat evakuasiya xidmətinə görə ödəniş olunur. Elə adam var ki, gətirib maşınını bir həftə bura atıb xaricə gedir. Dayanacağın işinə mane olur, bura özünü maliyyələşdirən idarədir, işçilər əmək haqlarınlı ala bilmirlər. O maşınlar üçün cərimə nəzərdə tutulub”.

Yeni sistem ən çox işə gəlmək üçün şəxsi avtomobildən istifadə edən şəxslər üçün çətinlik yaradacaq. İş yerinin yaxınlığında avtomobilini park edən sürücülər gün ərzində parkinqə görə 5-6 manat ödəniş etməlidirlər. Aylıq əmək haqqı o qədər də yüksək olmayan şəxslər üçün gün ərzində bu ödənişi etmək büdcəyə uyğun deyil. Bu baxımdan, yeni sistem tam işə düşməmiş artıq narazılıqlar da yaranıb.

Rixard Zorge keçəsində yerləşən dayanacağın nəzarətçisi adını söyləmək istəməsə də, artıq sürücülərin yeni sistemə narazılıq etdiklərini deyir: “Biz Nəsimi rayonunda işləyirik, bilirəm ki, bu rayondakı bütün dayanacaqlara bir həftədir yeni cihazdan paylanıb. Əlbəttə, sürücülər narazılıq edir. Nə vaxt görmüsünüz ki, qiymət artsın, insanlar da onu razılıqla qarşılasınlar. Burada da eyni vəziyyətdir. Biz indiyə kimi iş yeri yaxınlıqda olan sürücüləri yola verirdik. Rəhbərikdən xəlvət, üzümüz danlana-danlana onlardan gün ərzində 1-1,5 manat alırdıq. Amma daha bu mümkün olmayacaq. Biz də bilirik çətindir, amma bu bizim qərarımız deyil”.

Həmsöhbətimiz bizim vasitəmizlə sürücülərə məsləhətini də verdi: “Sürücülər harada dayansalar, kimin əlində belə cihaz görsələr, çıxanda ona yaxınlaşsınlar. Çünki ödəməsəniz belə, ondan çıxarış tələb edin. Ola bilər ki, dayanacaq əməkdaşının başı qarışıq olsun, çünki eyni vaxtda bəzən 30 avtomobil dayanacağa girib-çıxır və biz qarışdıra bilərik. Əgər sizə çıxarış verilməsə, onda sistemdə siz dayanacaqda dayanmış kimi görünürsünüz”.

Dayanacaqlarda yeni sistem haqqında məlumat versələr də, yeni cihazların şəkillərini çəkməyə imkan vermədilər: “Rəhbərliyin göstərişidir, bunları çəkməyə icazə vermirlər. Əgər çəkmək istəyirsinizsə, BŞİH-ə müraciət edin, onlardan icazə alın”.

BŞİH-dən isə həmişəki kimi zənglərimizə cavab verən tapılmadı.

Xatırladaq ki, Dövlət Yol Polisi İdarəsində və Bakı Nəqliyyat Agentliyində yeni sistemdən xəbərsizdirlər. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev mətbuata açıqlamasında müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi və buna görə məsələdən xəbərsiz olduğunu bildirib.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər