1021
Dünən 10 yanvar — 17:30

Xadimə ana icazəsiz dənizə getdiyi üçün xanəndə qızını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dogma qızını bıçaqlamaqda ittiham olunan 42 yaşlı Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, A.Rüstəmova ötən ilin yayında 25 yaşlı qızı Cəmalə Həmidovaya bıçaqla xəsarət yetirib. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

A.Rüstəmova hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimlan tədbiri seçilməyib.

İki qız anası olan A.Rüstəmova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Həyat yoldaşının xəstə olduğunu, qızı ilə aralarında mübahisə yarandığını, daha sonra isə məlum hadisənin baş verdiyini deyib.

İstintaqa verdiyi ifadəsində A.Rüstəmova həyat yoldaşından ayrı yaşadığını, evlərdə xadiməlik etdiyini, uşaqlarını əziyyətlə böyütdüyünü deyib. Hadisənin baş verməsinə gəlincə isə Cəmalənin özbaşına çimərliyə getməsi ananın bıçağa əl atmasına səbəb olub: “Axşamtərəfi çimərliyə getdi, oradan gec qayıtdı. Soruşdum ki, niyə icazəsiz çimərliyə getmisən, üstəlik gec gəlmisən? Qızım mənə qulaq asmadı, bıçaqla vurdum".

A.Rüstəmova ifadəsində qızı Cəmalənin xanəndə olduğunu, hazırda işləri ilə əlaqədar Türkiyədə səfərə getdiyini, yanvarın 20-dən sonra ölkəyə gələcəyini bildirib: “Özü də gəlib məhkəmədə ifadə verəcək, hadisənin necə baş verdiyini söyləyəcək".

Hakim qeyd edib ki, zərərçəkmiş Cəmalə Həmidova növbəti məhkəmə iclasına gəlməsə, onun barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.

Məhkəmə prosesi yanvarın 23-də davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər