1254
Dünən 5 dekabr — 20:05

“O qızın minnəti olsun ki...” – 100 ilin qadın haqları

Zaman keçdikcə yaşamağın çətinləşdiyi bir dövrdə cəmiyyətin ən böyük problemlərindən biri də qadın haqlarıdır. Azyaşlı gəlinlər, qısqanclıq zəminində törədilən cinayətlər, aramsız şiddət hadisələri...

Dünya yaranandan bəri insanlar gender savaşından qurtula bilmir. Hətta ən müasir ölkələrdə belə bu qarşıdurma mövcuddur. Həmin mübarizənin özəyində kişilərin daim özlərini lider hesab etmələri, qadınların isə əsarətdən xilas olma istəyi durur. Bəzən qanunlar belə qadınları qorumaq üçün kifayət olmur. Qarşı cins onu həmişə aşağılayır, “ikinci cinsin nümayəndəsi” adlandırır. Fəqət başqa bir tərəfdən də baxsaq, kişilərin kobudluğundan, qadınlara qarşı nəzakətsiz davranışlarından, qadınların hüquqlarından bixəbər olmalarından şikayət edənlər qadınlardır, amma yaddan çıxarmayaq ki, onları dünyaya gətirib, tərbiyə verən də qadınlardır.

Oğul anaları onlara uşaqlıqdan bəri eqoizm aşılayır. Mütəmadi olaraq “o qızın minnəti olsun ki...” ilə başlayan cümlələrlə onlarda qızlara qarşı ikrah hissi yaradırlar. Oğlanların gələcək tərbiyəsində bu kimi halların rolu böyükdür. Lakin bu cür insanlar anlamır ki, dünya bu iki qüvvə üzərində qurulub və onlar bərabər hüquqlara sahibdir.

1934-cü il 5 dekabr tarixində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk qadınlara siyasi həyatda seçmək və seçilmək haqqı tanıdı. Və qadınlar tam 83 il əvvəl ən demokratik hüquqlarını əldə etdilər. Eyni hüquqlar varisinin Azərbaycan Respublikası olduğu Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci ildə bərqərar olub. Yəni gələn il Azərbaycanda qadınların seçilib-seçilmək hüququnun düz 100 ili tamam olacaq.

Müasir Azərbaycan, bütün sivil dünya kimi, kişi və qadınlara bərabər hüquqlar tanıyır. Lakin əsrlər boyu formalaşmış mentalitetimiz bunu hələ də qəbul edə bilmir. Bütün problem insanların düşüncəsindədir. “Qadın niyə belə baxdı? Qadın niyə elə hərəkət etdi? Qadın niyə güldü?” və s. kimi suallar qadınlarımızın cəmiyyətdə irəliləməsinə, özünə layiqli yer tapmasına mane olur.

Ailədaxili münasibətlərdə məsələlərin zorakılıq yolu ilə həll edilməyə çalışılması, qadına qarşı tətbiq olunan fiziki və psixoloji şiddətin aşkara çıxarılmasının qarşısının alınması ictimaiyyətimizin aktual mövzularından biridir. “Ağ gəlinliklə getmisən, ağ kəfənlə oradan çıxacaqsan” prinsipinin qeyd-şərtsiz şəkildə qəbul olunması bu problemin həllinə əngəl yaradır.

“Oğlanlara sevmək olar, amma qızın sevməyi tərbiyəsizlikdir”, “qızsan, ucuz olma, qədrini bil”, “qız uşağısan, evə tez gəl”, “qızsan, ayıbdır, bərkdən gülmə” – günümüzdə ən çox eşitdiyimiz cümlələrdir. Qadınlara həmişə müəyyən qadağalar qoyulur: sanki yer üzündə azad olmağa tək kişilərin haqqı varmış kimi. Təəssüflər olsun ki, “namus, tərbiyə” kimi anlayışlar yalnız qadınlara şamil edilir. Bu ifadələr kişilərə də aid edilməlidir. Məncə, kişilər nə qədər şərəfli olsalar, qadınlar da bir o qədər namuslu olar.

Qadınların sənət sahibi olmaq, sevmək, sevilmək, müstəqil qərar vermək, oxumaq, azad hərəkət etmək, bir sözlə, hüquqlarını tələb etmək haqları var. Unutmayaq ki, qadın nə qədər azad olarsa, bir o qədər başıuca olar və heç kimə əyilməz. Və bir o qədər də azad nəsil yetişdirər.

Xanımlar, haqq və hüquqlarınızı qorumağı bacarın, ən azından qorumağa çalışın. Mustafa Kamal Atatürkün dediyi kimi: “Ey qəhrəman türk qadını, sən yerlərdə sürünməyə deyil, çiyinlər üzərində göylərə yüksəlməyə layiqsən”.

Sevgi İsmayılbəyli

Virtualaz.org

Xəbərlər