302
Dünən 8 noyabr — 12:32

Baş epidemioloq: Azərbaycanda qrip var, amma…

Hazırda Azərbaycanda epidemioloji vəziyyət norma daxilindədir. Tək-tək qripə yoluxma qeydə alınsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib. Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bu gün keçirilən tədbirdə bildirib.

İ.Ağayevin sözlərinə görə, qripin qarşısını almaq mümkün deyil. Amma digər ölkələrə nisbətən Azərbaycanda qripə yoluxma halları az qeydə alınır. “Azərbaycanda nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Həkimə müraciət edənlərin qeydiyyatı aparılır. Hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bəzən mətbuatda yanlış məlumatlar verilir, halbuki qripdən xoflanmaq lazım deyil. Həkimlərin məsləhətlərinə əməl etmək lazımdır”, -baş epidemioloq əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə aparılır. Hələlik qripə qarşı kütləvi peyvəndləndirməyə ehtiyac yoxdur. Özəl müəssisələrdə qripə qarşı peyvənd var, kim istəsə müraciət edə bilər. İ.Ağayev onu da qeyd edib ki, orta məktəblər istiliklə təmin edilməlidir. Çünki soyuq hava şəraitində xəstəliyə yoluxma daha tez baş verir.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər