636
Dünən 7 noyabr — 14:24

Göz xəstələrinin İrana, Türkiyəyə getməsinə ehtiyac qalmayacaq

Yaxın günlərdə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanacaq. Virtualaz.org saytı xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.

F.Abduləliyev bildirib ki, 3000-dən çox xəstənin gözün buynuz qişasının köçürülməsinə ehtiyacı var. “Mərkəzdə 3 mindən çox xəstə qeydiyyatdadır. Respublikada isə 10 mindən çox xəstə buynuz qışasının köçürülməsi üçün gözləyir. İlkin mərhələdə təcili əməliyyata ehtiyacı olan xəstələrə gözün buynuz qışası köçürüləcək. Xəstələrin 20 faizə qədəri uşaqlar, yerdə qalan hissəsi isə böyüklərdir”, -F.Abduləliyeva əlavə edib.

Gözün buynuz qişaları İran, ABŞ və Rusiyadan gətiriləcək. Əməliyyatlar Milli oftalmologiya Mərkəzində və Respublika Diaqnostika Mərkəzində həyata keçiriləcək. F.Abduləliyeva qeyd edib ki, əməliyyatlar yerli mütəxəssislər tərəfindən aparılacaq. “İndiyədək xəstələr İran, Türkiyə və Rusiyada əməliyyat olunurdular. Bundan sonra xaricə getməyə ehtiyac qalmayacaq. Hazırda sənədləşdirilmə işləri görülür. Bir-iki həftəyə Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq. Mərkəzdə göz bankı var və burada buynuz qışasının saxlanılması üçün şərait yaradılıb”, - həkim söyləyib.

Xatırladaq ki, prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər