506
Dünən 6 noyabr — 13:08

Bakıda daha bir mənzil satışı fırıldağı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vitrualaz.org saytının xəbərinə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.

İttihama görə, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. M.Kərimov  barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Mahir Kərimov ifadəsində 30 ilə yaxındır ki, tikinti sahəsində çalışdığını, 1987-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyərkən Ələsgər Ömərovla tanış olduğunu, həmin vaxtdan aralarında dostluq münasibəti yarandığını göstərib. 2005-ci ildə Ə.Ömərov yüksək mərtəbəli bina tikintisi ilə məşğul olmaq üçün “Fateh-N” adlı şirkət açacağını deyib. Dostuna da şirkətdə durektor olmağı təklif edib: “Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz, ona görə sənəd üzərində mənim imzamın olacağını, lakin bütün işləri özünün görəcəyini söylədi. Onu 30 ildir tanıdığıma görə razılaşdım. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum”.

2007-ci ildə Ə.Ömərovun  tapşırığı ilə Nəsir İsayev təsisçilikdən çıxıb və bütün paylarını M.Kərimova verib. M.Kərimov şirkətdə həm təsisçi, həm də direktor vəzifəsini icra edib: “2005-ci ildə Neapol küçəsi, 26A ünvanında 11 mərtəbəli, 5 bloklu 290 mənzilli binanın tikintisinə başlandı, binanın özülü qazılan andan mənzillərin satılmasına start verildi. Satışı birbaşa Ələsgər özü tənzimləyirdi, müştərilərlə görüşürdü, pulu mənim iştirakım olmadan alırdı. 2010-cu ilə qədər mənzillər 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı. Çünki müştərilərdən alınan pullar bu binaya deyil, onun yanındakı ikinci binanın tikintisinə xərclənirdi”.

M.Kərimovun ifadəsinə görə, sözügedən bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yaranıb. Bu, sonda tikintinin dayandırılmasına gətirib çıxarıb. 2012-ci ildə isə Ələsgər Ömərov qəflətən ürək tutmasından dünyasını dəyişib. M.Kərimov binanın tikintisini öz gücünə davam etdirməyə çalışsa da, maliyyə imkamları məhdud olduğundan başa çatdıra bilmədiyini deyib.

Zərərçəkmiş Elçin Quliyev ifadəsində paytaxtda tikinti işləri ilə məşğul olan Ələsgər Ömərovu 2007-ci ildən tanıdığını, bir neçə dəfə ondan borc alaraq vaxtında qaytardığını deyib: “2008-ci ilin mart ayında Ələsgər məndən 300 min manat borc istədi, 6 ay müddətinə qaytaracağına söz verdi. Onan inandım verdim. Ələsgər aldığı pulun müqabilində girov kimi qeyri-yaşayış sahəsi qoyacağını dedi”.

Neapol küçəsi, 26A ünvanında yerləşən binanın birinci mərtəbəsində 497,5 kv.m.qeyri-yaşayış sahəsi E.Quliyevin adına rəsmiləşdirilib. Sonrakı müddətdə Ə.Ömərovun işləri yaxşı getmədiyinə görə borcunu geri qaytara bilməyib. Ə.Ömərov vəfat etdikdən sonra E.Quliyev M.Kərimovla görüşərək obyektə baxıb: “Həmin vaxt Mahir müqavilə ilə mənə verilmiş qeyri-yaşayış sahəsinin başqasına satılması barədə bir söz deməmişdi”.

Zərərçəkənlərə dəymiş maddi ziyanla bağlı M.Kərimov deyib ki, Namiq və Şahin binada rəngsaz işlərini görüblər: “Nağd pul olmadığı üçün işlərin müqabilində onlara binadan qeyri-yaşayış sahəsi verməyə razılaşdıq. Aramızda müqavilə olmasa da, şifahi formada anlaşmışdıq. Asif isə bizim binadan bacısı üçün ev almışdı. 2014-cü ildə Firkət Asiflə birlikdə mənim yanıma gəlib dedilər ki, Namiqin binadakı obyekti ona məxsusdur və Namiq onlardan 12 min dollar alaraq gizlənib. Bundan sonra Namiq mənə dedi ki, Şahin Yusifovun adına rəsmiləşdirdiyi həmin obyekti Fikrətə verəcək. Mən də dedim ki, razılıq ərizəsi və müqaviləni gətirsin, sənədləşdirək. Bir müddət sonra Namiq başqa təkliflə mənim yanıma gəldi. Onun istəyi ilə 2016-cı ilin aprelində gördüyü işlərin müqabilində ona verəcəyiniz 425 kvadrat mertlik obyektdən 60-nı Firkətin adına girov kimi keçirdik. Bu dəfə isə Fikrət həmin yeri istəmədiyini dedi. Namiqlə Fikrət arasında baş verənlərdən sonra xəbər tutdum. Şahin öz adına olan 30 kvadrat metrlik obyekti başqa adama satıbmış. Həmin obyekti Namiq də Firkətə satıb. Bundan sonra Fikrət şikayətlər yazmağa başladı, Namiqi də tapmaq olmurdu. Mən də 9 min dollar pulu Namiqdən alıb Fikrətə verəcəyim barədə qəbz yazdım, amma Namiqdən pulu ala bilmədim”.

Məlumat üçün qeyd edək ki, cinayət işi üzrə 5 nəfər zərərçəkmiş var. Bunlar - Fikrət Cəfərli, Elçin Quliyev, Fəridə Həsənova, Ramin İbadov və Cavanşir Sanıyevdir.

İş üzrə 128051.60 manat maddi ziyandan 40811.60 manat ödənilib. 

Məhkəmənin növbəti prosesi noyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər