2736
Dünən 4 noyabr — 11:08

Bakıda "Hollivud" ulduzlarının köhnə alt tumanlarını alıb geyinənlər kimlərdir...

Son vaxtlar Bakının tanınmış brend mağazalarının bir çoxunun  bağlandığı bir vaxtda onların yerini  “Avropadan geyimlər”, “Ucuz geyimlər”, “Memi” kimi ikinci əl geyim mağazaları açılır. İlk dəfə 90-cı illərin ortalarında, daha çox paytaxtın kənar məhəllələrinin zirzəmilərində  peyda olan belə mağazalara artıq şəhərin mərkəzi küçələrində, metro stansiyalarının yaxınlığında, əhalinin ən çox alış-veriş etdiyi ünvanlarda da rast gəlinir. Xüsusən son dövrlər – bahalaşma və iqtisadi vəziyyətinin çətinləşdiyi bir vaxtda belə mağazalara böyük axın olduğundan çoxunun qarşısında müştərilərin uzun növbəsi müşahidə olunur. Hətta səhər erkəndən mağazalar açılmamış girişdə növbə gözləyən müştəriləri görmək olar.

Brend “xəstəsi” olan həkim və müəllimlər...

Bakıda digər mağazaların müştəri qıtlığı yaşadığı bir vaxtda belə ikinci əl geyim mağazalarının müştəriləri artmaqdadır. Bunu on beş ildən artıq mağazada işləyən satıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətin ucuz olmasına görə maddi durumu yaxşı olmayan ailələr geyim ehtiyaclarını ödəmək üçün bu mağazalara üz tutur.

Lakin nə qədər qəribə olsa da belə mağazaların müştərilərinin çoxu heç də sosial durumu pis olanlar deyil. “Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən ikinci əl geyim mağazasının Fəridə adlı satıcısı deyir ki, onların əsas müştəriləri həkimlər və müəllimlərdir.

 “Hamı elə bilir ki, bura ancaq kasıblar gəlir. Amma bu belə deyil. Mən illərdir bu mağazada işləyirəm, bura ən çox gələnlər həkimlər və müəllimlərdir. Heç də müştərilərimizin hamısı imkansızlar deyil. “Cip”i mağazanın qarşısında saxlayıb  alış-veriş edənlər var. Gəlin bir gün səhər tezdən müşahidə aparın, özünüz gözlərinizlə görərsiniz”, - deyə satıcı bildirir.

“Hollivud ulduzlarının alt paltarlarını satırıq”

Satıcı bizi inandırmağa çalışır ki, əslində bu geyimlər təzə geyimlərdən daha təmizdir. Çünki onları xüsusi kimyəvi dərmanlarla dezinfeksiya edirlər. Həmsöhbətimiz deyir ki, imkanlı müştərilər daha çox brend mallar axtaranlardır.

“İmkanlı müştərilərimiz elə mallar axtarırlar ki, ondan heç kimdə olmasın. “Vosmoy” bazarında, yaxud digər “tolkuçkalarda” geniş yayılmış geyimlər olur və bunu hamı alır. Amma bizdə olan geyimlərdən heç yerdə yoxdur. Nə olsun ki, köhnədir, geyilib, əvəzində bahalı maldır, keyfiyyətlidir. Bunu hər adam başa düşmür axı. Bəzən deyirlər ki, “ölü paltarı” satırsınız. Bizim satdığımız paltarlar dərmanlarla təmizlənir. Küçədə satılan, Çindən gələn geyimlərdən dəfələrlə təmizdir”, - deyə satıcı bildirir.

“Hollivud” ulduzlarının köhnə alt tumanları: “Tərtəmizdir...”

Payız olduğundan mağazada indi satışa çıxarılanlar yun paltarlar, gödəkçələr, çəkmələr, papaqlar, qalın üst geyimləri idi. Bununla belə, mağazada alt paltarlarının da öz müştəriləri var: “Bizim satdığımız alt paltarları brendlərdir. Bunları elə-belə adamlar geyinməyib, çoxu “Hollivud” ulduzlarının geyindiyi alt paltarlarıdır. Hələ heç kim bizim geyimləri geyinib xəstələnməyib. Kim istəyirsə, aparıb özü də yuya bilər”, - deyə satıcı bildirir.

“Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən ənənəvi ikinci əl geyim mağazanın satıcıları da son bir ildə müştərilərinin çoxaldığını təsdiqləyir. Satıcı Şərqiyyə İsmayılovanın sözlərinə görə, mağaza açılmamışdan müştərilər növbəyə dayanır. Əvvəllər hər kəs bura utana-utana, xəlvət gəlirdisə, artıq buradan mal almaq müştəri üçün utanc sayılmır.

 “O qədər müştəri var ki...”

Satıcı hətta müştəri bolluğundan narazıdır: “Hərdən istəyirik ki, bütün müştərilər getsin, iki dəqiqə nəfəs alaq. Amma o qədər müştəri olur ki, buna imkan tapmırıq. Səhər indi açılıb, hələ yığışdırmağa imkan tapmamışıq, artıq müştərilərimizin əlindən tərpənmək mümkün deyil. Əvvəllər müştərilərimiz daha çox yaşlı adamlar, xüsusən də qadınlar idi. Onlar da daha çox uşaqlarından, ailələrindən xəlvət gəlirdilər. Amma indi heç kim bu mağazaya girməyə utanmır. Qonşusu ilə gələnlər var, uşaqları ilə gələnlər var. Düzdür, gənclərin sayı azdır, ümumi götürsək, müştərilərimizin təxminən 20 faizi gənclər ola bilər, 80 faizi yaşlılardır”.

Satıcı deyir ki, artıq 15 ildir heç bir mağazadan geyim almır, özü, ailəsi və yaxınları buradakı geyimlərdən geyinir.

Hətta köhnə paltarı alıb pulunu yavaş-yavaş da vermək olarmış

İkinci əl mağazalarda imkanı olmayan müştərilər üçün geyimləri həm də “kredit yolu ilə” verirlər. Yəni müştəri bəyəndiyi, lakin almağa pulu kifayət etməyən geyimi seçir və əlində olan pulla ödənişin bir hissəsini edir. Satıcılar onun geyimini mağazadakı xüsusi otaqda rəfə yerləşdirirlər. Alıcı müəyyən müddətdən sonra ödənişin qalan hissəsini ödədikdə geyimi əldə edə bilir.

Mağazanın satıcısı bizə otaqda onlarla belə geyim göstərir. Onların arasında 3 manatlıq geyim də var idi, 300 manatlıq da. Məsələn, 300 manatlıq kürkü almağa imkanı olmayan müştəri ödənişin 250 manatını ödədiyindən satıcı onu xüsusi rəfə yerləşdirmişdi.

Köhnə ayaqqabıya 60 manat verənlər

-60 manata köhnə ayaqqabı olar? Çox bahadır.

-Nə olsun, “zato” təmiz dəridir, azı 10 il geyinəcəksən...

Mağazanın ayaqqabı satılan bölməsində iki kişinin bu dialoqu diqqətimizi çəkir. Satıcı deyir ki, burada ən çox satılan mallardan biri də ayaqqabılardır. Əsas alıcıları isə adətən tikintidə çalışan usta və fəhlələrdir.  

Alıcılarla söhbətimizdə daha çox qiymətin bahalığı ilə bağlı gileylər eşidirik. Neft Daşlarında fəhlə işləyən Nizami Məmmədov deyir ki, keyfiyyəti yaxşı olsa da, qiyməti cibinə görə deyil: “Mən 4-5 il olar ki, ayaqqabını bu mağazadan alıram. Əvvəl daha ucuz idi, indi qiymətləri çox qaldırıblar. Ən ucuz kişi ayaqqabısının qiyməti 40 manatdır. Düzdür, keyfiyyətlidir, amma bu qiymətə ala bilmirəm. Keçən ay 30 manata bir ayaqqabı nişanlamışdım, pulum çatmadı. Bu ay üstünü düzəldib gəldim, amma satılıb... ” - deyə həmsöhbətimiz təəssüflə bildirir.

Lakin satıcılar qiymətlərin baha olmasıyla razılaşmırlar. Onların sözlərinə görə, mağazada hər cibə münasib geyimlər var: “Qiymətlər zəmanəyə uyğundur. Düzdür, əvvəllər ucuz idi, amma son 3-4 ildə ölkədə qiymətlər gör neçə dəfə qalxıb?!Az qala hər gün 5-10 qəpik artır. Ona görə də biz qiyməti qaldırmışıq. Düzdür bu geyimləri sahibləri pulsuz təhvil veriblər, amma təhvil alanlar onları bizim kimi ölkələrə pulla satırlar. Axı biz bunları gömrükdən keçiririk, orada gömrük haqqı ödəyirik, qiyməti necə qaldırmayaq?”, - deyə satıcı dillənir.

Mağazaya ümidlə girib axtardığını tapanlar daha çoxdur. Elə müşahidə apardığımız müddətdə mağazaya girən ona yaxın alıcının əksəriyyətinin alış-veriş edərək çıxdığını gördük.  

“Bu geyimlərlə virus yayıla bilər” – Eyyub Hüseynov

Satıcılar keyfiyyət barədə əminliklə danışsalar da, ekspert və həkimlər bu geyimlərin bəzi dəri xəstəliklərinə səbəb olduğunu deyirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində bu geyimlər Avropa ölkələrində küçəyə atılır. Xarici ölkələrdə atılmış məhsullar sahibkarlar tərəfindən Azərbaycana gətirilərək 20 dəfəyədək baha satılır.

“Avropa ölkələrində insanlar geyinmədikləri paltarlarını, hətta mebellərini müəyyən olunmuş yerlərə atırlar. Həmin ölkələrdə atılmış məhsullar toplanaraq yandırılır. Təəssüf ki, bizim sahibkarlar həmin ölkələrdən məhsulları çəki ilə alıb, bizdə ədədlə satırlar. Həm də maya dəyərindən 15-20 dəfə baha satılır. İdxal edilən ölkələrin sertifikatında həmin paltarları 5 yaşından aşağı olan uşaqların geyinməməsi tövsiyə edilir. Lakin bizdəki sertifikatlarda belə bir göstərişə rast gəlinmir. Ola bilər ki, bu paltarlar vasitəsilə bəzi virus xəstəlikləri yayılsın. Ona görə də, belə paltarları alandan sonra yüksək temperaturda qaynatmaq lazımdır”-ekspert deyir.

Gülnar Əliyeva

Virtualaz.org 

Xəbərlər