467
Dünən 11 oktyabr — 13:39

Məşhur şəxslərin barelyefləri niyə oğurlanır?

Bakıda daha bir məşhur şəxsin barelyefi yoxa çıxıb. Yasamal rayonunda Azərbaycanın incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin barelyefi oğurlanıb.

Bundan bir az öncə Daxili İşlər Nazirliyi Yasamal və Səbail rayonlarında yaşayış binalarının üzərində görkəmli şəxslərin xatirə lövhələrini oğurlayan dəstəni yaxalamışdı.

Amma son günlərdə bir neçə məşhur şəxsin barelyefinin oğurlanması bəzi suallar doğurur - barelyef nədən hazırlanır və neçəyə başa gəlir?

Heykəltaraş Zakir Əhmədov virtualaz.org saytına deyib ki, görkəmli şəxsiyyətlərin barelyefləri əsasən bürüncdən hazırlanır və sənət əsəri kimi bahadır. “Xatirə lövhələri bürüncdən, bir də mərmərdən hazırlanır. Mərmər lövhələri yerindən çıxarmaq mümkün deyil, çünki mərmər qırılır, çatlayır. Amm bürünc barelyefi çıxarıb, əridəndən sonra sata bilirlər”, - Z.Əhmədov deyib.

Heykəltaraş onu da əlavə edib ki, orta ölçüdə xatirə lövhəsi 1000-1500 manata başa gəlir: “Barelyef əridiləndən sonra yəqin ki, azı 1000 manat qazanırlar”.

Adının açıqlanmasını istəməyən başqa bir heykəltaraş isə qeyd edib ki, xatirə lövhələrinin böyük əksəriyyəti bürünc və tuncdan hazırlanır. Dövlət sifarişi ilə hazırlanmış lövhələr 2000-3000 manata başa gəlir. Oğurlanmış barelyeflər 2-3 dəfə ucuz satılır.

Xatırladaq ki, yaxalanan dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər. Həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Ülviyyə

Virtualaz.org

Xəbərlər