414
Dünən 29 sentyabr — 15:38

Məşhur falçının məhkəməsi: “Evlə birgə dədə-baba qızıllarımız da yoxa çıxdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Prosesdə şahid qismindən iş adamı Barat Abdullayevin qardaşı Nazim Abdullayev ifadə verib. O, ifadəsində qardaşı Barat Abdullayevin ailəsində narazılıq və münaqişə olduğunu göstərib: “Evin “kupça”sı yox idi. Qardaşım Təyminədən "kupça"nın harada olduğunu soruşduqda banka qoyub 250 min manat pul götüryünü, həmin pulla Səkinə adlı qadından gözəllik salonu aldığını dedi. Bir müddət araşdırdıqdan sonra gözəllik salonunun Əhmədlidə olduğunu öyrəndik. Gedib baxdıq, 20 kvadratmetrlik yer idi. Amma Səkinəni tapa bilmədik. Salonda da Səkinə adlı qadını tanımadıqlarını dedilər. Səkinə bizimlə görüşə də gəlmədi.

Təyminə polisə şikayət etdi. Səkinəni polisə gətirdilər. Polis bölməsində məlum oldu ki, onların arasında əvvəl də danışıqlar olub, səs yazısı var idi. Orada Təyminə Səkinəyə deyirdi ki, “ərim və qaynım işdən xəbərdardır”. Təyminə həmin danışıqda söyləyib ki, “gəl aramızda borc müqaviləsi bağlayaq”. Təyminə Səkinəyə deyib ki, "5-6 aydan sonra ya xan ölər, ya da eşşək”. O söhbətdə bilmədim ki, xan kimdi, eşşək kim".

Şahid ifadəsində qardaşına məxsus olan, ata-babadan qalma çoxlu sayda qızıl -zinət əşyalarının da yoxa çıxdığını deyib.

Növbəti prosesdə şahid qismində Barat Abdullayev dindiriləcək.

Məhkəmə prosesi 6 oktyabrda davam edəcək.

Məlumat üçün bildirək ki, Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikah zamanı əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib. Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Ötən məhkəmə prosesində dövlət ittihamçısı T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. T.Abdullayevanın cinayət işi üzrə istintaq aparılarkən Səkinə İsmayılova da həbs edilib.

Virtualaz.org

Xəbərlər