2850
Dünən 27 sentyabr — 11:49

Baş nazir gecə yarısı əmr verdi: “Büdcə zəhmətkeşlərini zorla pambığa aparmağı dayandırın!”

Özbəkistanda bu Orta Asiya ölkəsi üçün sensasion sayıla biləcək hadisə baş verib.

Virtualaz.org xəbər verir ki, baş nazir Abdulla Aripov sentyabrın 21-də gecə yarısı iclas keçirərək büdcə təşkilatlarının işçilərinin, tələbələrin və məktəblilərin zorla pambıq yığımına aparılmasına son qoymağı əmr edib. Baş nazir hökumətin bu haqda avqustun əvvəllərində qəbul etdiyi əmrin “qeyd-şərtsiz yerinə yetirilməsini” tapşırıb.

Özbəkistanda pambıq yığımında qul əməyindən istifadə uzun illərdir ki, beynəlxalq təşkilatları ciddi narahat edir və onlar hökumətdən buna son qoymağı tələb edirlər. Lakin bu Orta Asiya ölkəsində büdcə zəhmətkeşlərinin, tələbələrin və orta məktəb şagirdlərinin hər il zorla pambıq yığımına cəlb edilməsi adi praktikadır.

Özbəkistan mənbələri xəbər verir ki, Aripovun çıxışından bir neçə sat sonra büdcə zəhmətkeşlərini və tələbələrini pamblq tarlalarına aparılan avtobuslar yoldan geri qayıdıb. “Bizi saat 3-də oyatdılar, dedilər ki, geri qayıdırıq. Saat 5-də biz artıq Navoyda idik, hazırda isə dərsdəyik”-pambıq yığımına cəlb edilmiş tələbə deyib.

“Azadlıq” radiosunun özbək xidmətinin bildirdiyinə görə bəziləri bu əmrin Avropadan Özbəkistanda qul əməyindən istifadəni yoxlamaq üçün gələnlərlə bağlılığını güman edirlər. Belə ki, cəmi bir gün əvvəl pambıq yığımına aparılmış tələbələr ertəsi gün geri qaytarılıblar.

Özbək-alman insan haqları forumunun rəhbəri Ümidə Niyazova hesab edir ki, qadağa BMT Baş Assambleyasının sessiyası zamanı Dünya Bankının prezidenti Jim Yen Kim Özbəkistan prezidenti Şövkət Mirziyayevlə görüşündə pambıq yığımında qul əməyindən istifadə məsələsini qaldırıb. Prezident insanların zorla pambıq yığımına cəlb edilməsinə son qoyacağını bildirib.

Xatırladaq ki, Azərbaycanda da ötən ildən etibarən pambıqçılığın inkişafı başlayandan sonra büdcə təşkilatlarının işçilərinin məcburi pambıq yığımına cəlb edilməsi halları ilə bağlı xəbərlər gəlir. Bu günlərdə Biləsuvarda xəstəxana işçiləri pambıq yığımından qayıdarkən qəzaya düşmüşdü və yaralananlar olmuşdu.

Virtualaz.org

Xəbərlər