496
Dünən 9 avqust — 16:12

Azərbaycanda canavarların kəndlilərə misli görünməmiş hücumları

Azərbaycanda kəndlərə canavar hücumları artıbYırtıcıların kənd sakinlərinə və mal-qaraya xəsarət yetirməsi, heyvanları kütləvi tələf etməsi barədə  xəbərlərə demək olar ki, hər gün rast gəlirik.  Hətta bəzi bölgələrdə yırtıcılar gecələr  sürü ilə dolaşır.Məsələn, Ağsunun Padar kənd sakininlərinin virtualaz.org-a bildirdiyinə görə, bu yırtıcılarla qarşılaşmaq kənddə adi hala çevrilib. Xəbər verildiyi kimi avqustun 6-da canavarlar Padar kəndinin iki sakininə hücum edib, onları ağır yaralayıb.

Bir aydan sonra məktəb açılır, uşaqlar məktəbə getməlidir. Canavarlar kənddə sürü şəklində gəzir. Hökumət qurumlarından istədiyimiz odur ki, bu məsələni həll etsin. Balalarımızı göz görə-görə yırtıcıların ağzına ata bilmərik”, - deyə kənd sakinləri bildirirlər.

Kənd sakini Səkinə Əmiraslanova azyaşlı övladlarının aqibətinə görə narahatdır. O deyir ki, bu il iyulun 24-də işdən qayıdan həyat yoldaşını canavar həyətədək qovub: “Yoldaşım özünü həyətə zorla atdı, qapını arxadan vurub bağladı, canavar xeyli qapının arxasında qaldı. Gecə saatları idi. Həmin anda küçəyə çıxan olsaydı, caynağından salamat qurtara bilməzdi”, - deyə S. Əmiraslanova bildirir.

 

“Mən çatanda canavar bacımı ağzı üstə yıxıb başından dişləyirdi...”

3 gün öncə Padar kəndində canavarların hücumuna məruz qalan Fikrət Şeydayev və Həsrət Qurbanov xəstəxanaya yerləşdiriblər və hər ikisinə quduzluğa qarşı vaksin vurulub. Altı saat cərrahiyyə əməliyyatı keçirən H. Qurbanovun vəziyyəti hələ də ağırdır.

70 yaşlı Həsrət Qurbanovun oğlu Əli Qurbanov deyir ki, vaxtında özünü yetirməsəydi, atası hazırda həyatda deyildi: Təsadüfən həyətə girdim və gördüm ki, atam canavarla əlbəyaxadadır. Kişinin üzü parça-parça olmuşdu. Baltanı götürüb atamı canavarın pəncəsindən qurtardım. Xəstəxanaya çatdırdıq, həkimlərin atamın sağ qalacağına ümidi yox idi. Altı saata yaxın cərrahiyə əməliyyatı keçdi. Hələ də vəziyyəti ağırdır”, - deyə H. Qurbanov bildirir.

Bu hadisədən qorxuya düşən kənd sakinləri deyirlər ki, kənd meşənin yaxınlığında yerləşdiyindən oxşar hadisələr əvvəllər də baş verib. Lakin kəndə yırtıcıların sürü ilə hücumu indiyə qədər rastlaşmadıqları haldır.

“Məmur canavarın qarşısını necə ala bilər axı?”

 Sakinləri narahat edən məsələ odur ki, onlar kəndə hücum edən yırtıcılardan özlərini və heyvanlarını qorumaq üçün vasitələrə-ov tüfənglərinə sahib deyillər. Üstəlik canavarları vurmağa da çəkinirlər, çünki eşidiblər ki, qanuna görə canavar vuran şəxs min manat cərimə ödəməlidir. Belə vəziyyətdə sakinləri canavarlardan kimlər və necə qorumalıdır?

Ağsu Rayon İcra Hakimiyyətindən isə "Azadlıq" radiosuna yaşayış məntəqələrinə hücum edən vəhşi heyvanların vurulmasına icazə verildiyini deyirlər: “Canavar meşədən qaçıb gəlir, kəndə girir, məmur bu canavarın qarşısını necə ala bilər axı. Hər bir valideyn məsuliyyətli olmalı, özü övladının təhlükəsizliyini düşünməli, məktəbə özü aparıb-gətirməlidir. Hər şeyi icra hakimiyyətinin, yaxud baytarlıq idarəsinin, bələdiyyənin üstünə yıxmaq olmaz”.

Ağstafada qadını parçalayan canavarı bellə öldürüblər

İki gün öncə Ağstafa rayonunun Kolxəlfəli kəndinə də canavar hücumu ilə bağlı məlumat yayılmışdı. Neçə illərdir kəndin kənarında mal-qaraya divan tutan yırtıcılar bu ildən artıq tövlələrə, hətta sakinlərə də hücum etməkdən çəkinmirlər. Hücuma məruz qalan kənd sakini Aidə Alıyevaya qardaşı Natiq Alıyev köməyi nəticəsində canavarın dişindən sağ qurtula bilib.

"Mən çatanda gördüm canavar onu ağzı üstə yıxıb başının arxasından yapışıb. Vursam Aidəni də tuta bilərdi. Amma elə məqamıydı gözləmək, fikirləşmək yeri deyildi. Allah üzümə baxdı ki, beli qaldıran vaxt başını qaldırdı. Var gücümlə vurdum. Elə birinci zərbədə aşdı, ağzından qan gəldi. Böyük erkək canavar idi. İndiyədək çöldə mal-heyvana çox hücum etsə də, heç vaxt adama hücum eləməmişdi. Özü də kəndin içində. Bu bir xata idi. Şükür Allaha ki, yaxşı qurtardıq" — deyə Natiq Alıyev “Sputnik” agentliyinə bildirib.

Həm də bu canavarların kəndə ilk hücumu olmayıb. İyulun 16-da kənd sakini Camal Vəliyevin tövləsinə hücum edən yırtıcıların ona məxsus 18 baş xırdabuynuzlu heyvanı tələf etməsi, 12-i isə yaralaması ilə bağlı məlumat vermişdik. Sakinlər canavarların sürü ilə kəndlərə hücum etməsini onların öldürüılməsinə qoyulan qadağa ilə əlaqələndirirlər. Bu yırtıcılarla mübarizədə aciz qalan sakinlər müvafiq orqanlardan problemə əncam çəkmələrini tələb edirlər.  

Xatırladaq ki, virtualaz.org daha əvvəl də canavarların kəndlərə hücumlarının artması, kənd sakinlərinə xəsarət yetirmələri ilə bağlı araşdırma aparmışdı. Ekspertlər yırtıcıların kəndlərə hücumlarının artmasını insanlar vəhşi heyvanların arealına maksimal dərəcədə müdaxilə etməsilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, bu yırtıcılar ərzaq tapa bilməyəndə insanların otardığı heyvanlara hücum edir, insanlara xəsarət yetirirlər.  

 

Qida tapmayan yırtıcılar kəndlərə üz tutur

Zooloqlar hesab edirlər ki, yırtıcıların kəndlərə üz tutmasının səbəblərini vəhşi heyvanların ov arealının azalması ilə əlaqədardır. Belə ki, vəhşi heyvanların təbii yaşayış sahələri əkilir, kolluqlar kəsilir, meşələr getdikcə seyrəlir. Onlar meşədə qidalana bilmirlər. Bu heyvanlar kənd ətraflarında olan kolluqlardakı təbii qidalarla qidalanırlar. Əvvəllər vəhşi heyvanların ovlanmasına icazə var idi, dəri tədarükü məntəqələri fəaliyyət göstərirdi. Yırtıcıları ovlayırdılar və onların dərilərini məntəqələrə təhvil verirdilər.

Mütəxəssislər hesab edirlər ki, bir neçə ildir ki, Beynəlxalq Konvensiyaya uyğun olaraq, vəhşi heyvanların ovlanması qadağan olunub deyə, kütləvi artım baş verib və təbii olaraq, qida çatışmazlığı yaranıb. Bu üzdən də heyvanlar qida üçün həyətlərə üz tuturlar. Vəhşi heyvanların kəndlərə üz tutmasının mənfi cəhətlərindən biri də parazitlər və insan sağlamlığı üçün təhlükəli olan helmint qurdları daşımalarıdır.

Nazirlik: Yerli şöbələrə tapşırıq veriləcək

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə ilə əlaqə saxladıq. Nazirlik rəsmisi virtualaz.org-a açıqlamasında yırtıcıların kəndlərə hücumlarının artması ilə əlaqədar yerli ekologiya şöbələrinə tapşırıq veriləcəyini bildirdi.

“Düzdür, bir tərəfdən 1999-cu ildə qoşulduğumuz “Avropanın vəhşi təbiətinin, yabanı florasının mühafizəsi” konvensiyası var və buna görə vəhşi heyvanların, o cümlədən, canavarların ovlanması qadağandır. Amma digər tərəfdən, heyvanların kənd sakinlərinə hücumları ilə bağlı faktlar arzuolunmazdır və təbiətin ən ali canlısı insandır. Onun təhlükəsizliyi bizim konstitusiyamızla qorunur.  Əgər bu heyvan hücum edibsə insan onu vura bilər və buna görə heç bir cəza nəzərdə tutulmur. Çox təəssüf ki, bizim rayonlarda ekologiya şöbələri canavar hücumları ilə bağlı məlumatları KİV-dən alır və bu da çox zaman dəqiq məlumat olmur. Əgər kəndə hücum varsa, bu çox ciddi faktdır. Bu gün yerli ekologiya şöbələrinə məlumat veriləcək. Həqiqətən hücum faktları çoxdursa, bu yırtıcıların sayı tənzimlənəcək. Çünki insanın təhlükəsizliyi bizim üçün ən vacibdir”, - deyə direktor müavini  bildirdi. 

Qeyd edək ki, hazırda Azərbaycanda canavarın qanunsuz ovlanmasına görə min manat və təbiətə vurulan ziyana görə 10 manat məbləğində cərimə tətbiq olunur. Yəni, yalnız həyati təhlükə olarsa, canavarı vurmaq olar. Bu qadağa Azərbaycanda kəndliləri son  vaxtlar sayları artan və getdikcə azğınlaşan yırtıcılar qarşısında aciz qoyub. Heyvan haqları haqda beynəlxalq konvensiyadan danışarkən müvafiq strukturlar niyə insan haqları üzrə beynəlxalq konvensiyaları da yada salmırlar və insanların yırtıcılardan qorunmasının yırtıcıları mühafizə etməkdən daha vacib olduğunu dərk etmirlər? Bəlkə Azərbaycanda canavarlar insanlardan daha əziz, qiymətli olub, xəbərimiz yoxdur?

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər