1324
Dünən 9 avqust — 13:13

Quam adalarına nüvə zərbəsi?

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı “misli görünməmiş od alovla” ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Virtualaz.org xəbər verir ki, bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib.

Koreya ordusunun yaydığı bəyanatda deyilir: “Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna “Xvason-12” orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən “Andersen” aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq”.

Bəyanatda deyilir ki, hərbçilər Kim Çen Indan əmr alan kimi bu planı həyata keçirəcəklər. “ABŞ dərk etməlidir ki, Şimali Koreyanın ballistik raketləri daimi döyüş hazırlığı vəziyyətindədir”-Koreya ordusu bildirir.

“Andersen” aviabazasında ABŞ-ın B-52 strateji bombardmançıları dislokasiya olunub. Quam adaları kiçik olsa da ABŞ üçün olduqca böyük strateji əhəmiyyətə malikdir. Bu adalardakı hərbi bazaları vasitəsilə ABŞ geniş regiona nəzarət edə bilir. Şimali Koreya ilə ABŞ arasında gərginlik BMT Təhlükəsizlik Şurasının Birləşmiş Ştatlar tərəfindən təqdim olunmuş sanksiyalar layihəsini təsdiqləməsindən sonra daha da artıb. Bundan əvvəl Şimali Koreya dalbadal raket sınaqları keçirmişdi və ABŞ ərazisini vura biləcək raketlərə malik olduğunu elan etmişdi. “The Washington Post” qəzetinin yazdığına görə Şimali Koreya artıq ballistic raketin başlığına yerləşdiriləcək həcmdə nüvə bombasına malikdir.

Şimali Koreyanın Quam adalarına zərbə endirmək planı barədə bəyanatından sonra ada sakinləri arasında təşviş yaranıb. Quam adaları mülki müdafiə və təhlükəsizlik bölməsi bəyanatla çıxış edərək sakinləri sakitliyə çağırıb. Bildirilib ki, hakimiyyət əhalini situasiyanın istənilən formada dəyişməsi ilə bağlı məlumatlandıracaq. “Biz sakinlərə sakitliyi saxlamağı məsləhət görürük, eyni zamanda Şimali Koreya adında təhlükənin olmasını da yaddan çıxarmalı deyilik və bütün təhlükələrə hazır olmalıyıq”-Quam hakimiyyətinin müraciətində deyilir. Bəyanata əsasən hazırda Quam adalarının 160 minlik sakinləri və adanın qonaqları üçün birbaşa təhdid mövcud deyil.

Quam adaları qubernatoru Eddi Kalvo bildirib ki, bu gün səhər Vaşinqtonla, Ağ evlə əlaqə saxlayıb və potensial təhlükə qarşısında ada sakinlərinin müdafiə olunacağına dair təminat alıb. “Quama hücum və ya təhdid Birləşmiş Ştatlara hücum və ya təhdiddir. Onlar dedilər ki, Amerika qorunacaq”-qubernator bildirib.

Quam adalarının qanunverici yığıncağının spikeri Benjamin Kruz isə “Assosiated press”ə açıqlamasında bildirib ki, adanın Şimali Koreyanın mümkün raket hücumu qarşısında müdafiə olunacağına inanır. “Biz sadəcə olaraq ümid və dua edirik ki, Birləşmiş Ştatlar və burada mövcud olan raketdən müdafiə sistemimiz bizi qorumağa qadirdir”-spiker bildirib. Kruz deyib ki, Şimali Koreyadan yönələn təhdidlər çox ciddidir və bu təhdidlər onları dayanıb insanların təhlükəsizliyi üçün dua etməyə məcbur edir.

ABŞ Hərbi Hava Qüvvələri isə bəyan edib ki, Quam adalarında dislokasiya olunmuş 37-ci ekspedisiya bombardman eskadrilyası elə bu gecə hərəkətə keçməyə hazırdır. Eskdarilya Cənubi Dakota ştatındakı “Ellsvort” aviabazasından Quama göndərilib. Avqustun 7-də isə “Andersen” aviabazasından qalxan Amerika B-1B Lancer bombardmançıları Yaponiya və Cənubi Koreya qırıcılarının müşaiyəti ilə Koreya yarımadasında təlim uçuşları keçirib. Məqsəd Şimali Koreyaya bomba zərbələrinin endirilməsini sınaqdan keçirməkdir.

Virtualaz.org

Xəbərlər