1894
Kapital 8 noyabr — 20:58

“Hələlik 600 manat qazanırıq, gələcəkdə 2000 manat olacaq”

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, eyni zamanda regionlarda özünüməşğulluq səviyyəsinin artırılmasıdır. Bu səbəbdən Quba rayonunda “ABAD” Factory kompleksi təsis edilib.

Bu barədə ABAD-ın təşkilatçılığı ilə bu gün media nümayəndələrinin Quba "ABAD" Factory İstehsalat Kompleksinə təşkil olunan press-turda bildirilib.

Virtualaz.org xəbər verir ki, regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Media nümayəndələrinə məlumat verilib ki, bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb. Həmçinin Quba şəhəri Azərbaycanın son zamanlar turizm iqtisadiyyatının da ən çox inkişaf etdiyi şəhərlərdəndir.

"ABAD" hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. Hazərda ikimərtəbəli, ümumi sahəsi 1500 kv metrə yaxın olan müasir istehsalat kompleksində ABAD-çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir.

"Bərpa olunmuş istehsalat kompleksində 5 istehsal sahəsi cəmləşib. Bura quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları, ət məhsullarının emalı daxildir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “Quba ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Kompleksdə 10 ABADçı ailənin (30 nəfərə yaxın) fəalliyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərədək artması gözlənilir. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək", - deyə R.Elçiyev bildirib.

Direktor qeyd edib ki, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradır.

"Burada həmçinin “Pasha Holding”ın dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəznində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturuna daha da cəlbedici görünüş yaradacaq. “Truck”lər 5 istiqamət üzrə satış aparır: Dönər, Burger, Pizza, Şirniyyat, "ABAD” etno-butiki. “ABAD Gastro Village” kompleksində isə hazırda 20 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Bunlar hələ ki, şimal zonası üçün nəzərdə tutulub", - deyə ABAD-ın direktoru bildirib.

R.Elçiyev qeyd edib ki, gələcəkdə bura turlar təşkil oluna bilər. "Hər iki layihə turizmin inkişafına yönəlib. Mərkəzdə turistlər prosesi şəffaf şüşələr arxasında izləyə bilər. Eyni zamanda “Food truck”lərdə qidalardan istifadə edə bilərlər.

R.Elçiyev həmçinin bildirib ki, gələn il Bakının Nardaran qəsəbəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.

"Oktyabrın 29-da Şəkidə açılan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin biri də Nardaranda da açılacaq. “ABAD” artıq iki ildir ki, fəaliyyət göstərir və artıq üzvlərin sayı 315-ə çatıb. Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur.

Daha sonra media nümayəndələrinə İstehsalat Kompleksi ilə tanışlığı başlayıb. Jurnalistlər istehsalat prosesini izləyiblər, eyni zamanda istehsal olunan məhsulları dadıblar.

Məhsullarının dadına baxdığımız ABAD-çı Ədalət Niftəliyev deyir ki, istehsal etdikləri pendir nadir növlərdəndir. "Bu yeganə pendirdir ki, həm qızardılır, həm də hisə verilir. Digər pendirlər isə qızarma prosesində əriyir. ABAD vasitəsilə bizə burada təqdim edilən avadanlıqlar gün ərzində 1 ton məhsul istehsal etmək gücünə malikdir, hələ ki, 100, bəzən də 200 kq pendir istehsal edirik. Ayda hələlik 500-600 manat qazanırıq. Gələcək üçün 2000 manat qazanmaq imkanı var. Hələlik avadanlığa uyğunlaşırıq”.

Burada hazırlanan pendirin 1 kiloqramı 20 manata satışa çıxarılır.

Ət məhsullarının istehsalı ilə məşğul olan ABAD-çı Fazil Ağasiyev isə bildirib ki, texnikaları 600 kq istehsal gücünə malikdir: "Hələlik gündəlik istehsalat 150 kq-a qədərdir. Burada kolbasa, sosiska, eyni zamanda toyuq məhsulları da istehsal olunur. Kolbasının bir kiloqramı 24 manata başa gəlir. Bütün məhsullarımız halaldır".

Qənnadı məhsullarının istehsalçısı Aqil Babayev monpasının hazırlanan prosesi barədə jurnalistlərə məlumat verib. O qeyd edib ki, istehsal gücü saatda 110 kq-dır. "Hələki sınaq mərhələsindəyik. Qənnadı məhsullarının tərkibi şəkər tozu, qlükoza, limon duzudur. Onlar 138-140, bəzən də 150 dərəcədə qaynadılır, soyutma dəzgahına tökülür, sonra karameli yayırıq".

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etməkdir. 

İndiyədək dekorativ tətboqi sənətlə məşğul olan 300-dən çox, qida məhsulları istehsalı sahəsində çalışan 50-dək ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakıda 9 etno-butik yaradıb. 

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər