3708
Kapital 12 sentyabr — 22:51

Milyarderin Bilgəh iqamətgahındakı qalmaqalın təfərrüatları

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən malikanəsində iki italyan biznesmenin “qeyri-adi sərgüzəştləri” barədə yeni sensasion təfərrüatlar meydana çıxır. Belə məlum olur ki, biznesmenin malikanəsinin ərazisində landşaft işləri üçün 12 milyon avroluq büdcə təqdim edən bu diribaş italyanlar ona Xəzərin qumlu sahillərində əsl cənnət yaratmağı vəd ediblər, amma 9 milyon avro xərcləyəndən sonra milyarder acınacaqlı mənzərə ilə qarşılaşıb. Qurumuş palmalar və xaricdən hərəsi minlərlə avroya alınıb gətirilən, tezliklə quruyub gedən  digər ağaclar, məhv olmuş bəzək kolları, salınandan cəmi bir il keçməmiş ayaq altında ovulub gedən fosforlu beton gəzinti yolları, Avropadan alınıb gətirilməli olan, əslində Bakının Babək prospektindəki kustar sexlərdə yığılan “besedka”lar...

Onsuz da son illər başı keçmiş arvadı Tatyana ilə boşanma işinə görə qalmaqallardan açılmayan milyarderin malikanəsindəki qalmaqalı araşdırmaq üçün “hadisə yerinə” yollandıq. Hazırda malikanənin ərazisində iş gedir, bu dəfə hansısa yerli şirkətin briqadaları adlı-sanlı İtaliya şirkətinin (“Paghera Green Service Societa Agricola S.R.L.”) yarımçıq qoyub getdiyi işləri tamamlamaqla, yaxud yarıtmaz görülən işləri təkrar görməklə məşğuldur. Mənzərə isə xərclənən pullarla müqayisə edəndə doğrudan da acınacaqlıdır. Axı Azərbaycanın bu qədər zəngin florası olduğu halda uzaq xarici ölkələrdən milyonlarla dollar xərcləyib Abşeron iqliminə uyğunlaşmayan və məhv olan hansısa ekzotik ağac-kolları daşıyıb gətirmək ideyası haradan yaranmışdı? Belə görünür ki, italyanları  keyfiyyət və nəticə yox, ancaq pullar maraqlandırıb.

 “Massimo Alberti (“Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru) və Gianfranco Paghera (“Paghera Group” S.A.-İsveçrə şirkətinin sahibi, həmin İtaliya şirkətinin səhmlərinin sahibi) etibardan sui-istifadə ediblər.  Müqavilədə göstərilir ki, onlar cəmi 90 min ədəd müxtəlif ağac və kollar, bitkilər gətirib əkməli idilər. Gördüyünüz kimi əkdikləri ağaclar bir ucdan quruyur.  İtalyanların ancaq bir məqsədi olub-büdcəni maksimum şişirtmək və mümkün qədər çox pul qoparmaq”-bunları hazırda  iqamətgahda abadlıq işlərinə nəzarət edən iş icraçısı Bəhlul Bayramov deyir.

Abşeron yarımadasında, xüsusilə Xəzərin qumlu, gilli sahillərində yaşıllıq salmaq üçün (xüsusən də yerli iqlimə uyğunlaşmayan ağaclardan və bitkilərdən) əvvəlcə bölgələrdən daşıyıb gətirməklə münbit torpaq qatı yaratmağın gərək olduğunu yerli bağçılar  yaxşı bilir. Amma iş icraçısı bildirir ki, italyanlar gətirdikləri ağac və kolları elə birbaşa quma basdırıblar. Və bunun düzgün olmadığını deyən yerli bağbanlarının bir neçəsini işdən çıxarıblar.

“Sonradan qurumuş palmaları, digər ağacları çıxaranda məlum oldu ki, onların dibində torpaq-filan yoxdur, ancaq qum, balıqqulağıdır. Ağaclar ancaq xarici ölkələrdən alınmış kübrələrin hesabına uzağı bir il yaşayıb, köklərin inkişaf etməsi üçün torpaq qatı olmadığından məhv olub”-B.Bayramov danışır.

 

Biznesmenin “Baku Caspian Real Estate Limited” şirkəti ilə İtaliya şirkəti arasında bağlanmış müqavilənin müddəti bu  ilin aprelində bitib. Müqavilə şərtlərinə görə həmin tarixə qədər italyanların vəd etdikləri və kompüter qrafikası ilə şəkillərini hazırlayıb biznesmenə nümayiş etdirdikləri “cənnət” tam hazır olmalı idi. Amma işlər nəinki yarımçıq qalıb, üstəlik yarıtmaz görülüb, vəd olunan yüksək keyfiyyətli Avropa mal-materialları əvəzinə Bakının ucuz “sex malları” istifadə olunub. Nə qədər işin yarıtmaz görüldüyü, nə qədər işin yarımçıq qaldığı, yaxud ümumiyyətlə görülmədiyi hər iki tərəfin imzaladığı uzun-uzadı Aktda göstərilir. Maraqlıdır ki, italyanlar Aktı imzalasa da indi Fərhad Əhmədovla məhkəmə çəkişməsinə girib ondan daha bir neçə milyon avro qoparmaq iştahına düşüblər.

“Məsələn, müqavilədə göstərilirdi ki, ərazinin avtomatik suvarma sistemi qurulmalıdır, amma qurulmayıb. Layihədə ərazinin dəniz kənarı boyu 2 metr hündürlüyündə, yüksək keyfiyyətli xarici şüşə materiallardan istifadə olunmaqla şüşə hasar çəkilməsi nəzərdə tutulmuşdu. Amma gördüyünüz kimi hasarın hündürlüyü cəmi 90 santimetrdir, üstəlik keyfiyyətsiz yerli şüşədən istifadə olunub. Heç bir il də keçməyib, amma şüşə saralıb, görünüşü korlanıb...”-həmsöhbətimiz nöqsanları sadalayır.

Yaxud yarımçıq qalan şəlalə. İtalyanların tərtib etdikləri albomda füsunkar mənzərəli süni şəlalə görürük. Bu şəlalə üçün daşlar əlbətdə ki, xaricdən gətirilməliydi. Amma italyanlar iqamətgahın elə öz ərazisindən aşınmaya meylli qaya parçalarını çıxarıb istifadə ediblər, üstəlik işləri də yarımçıq qoyublar. Əvəzində 342 min avro pul alıblar.

Dəmir konstruksiyalardan hazırlanan “besedkalar”la bağlı şişirtmə də fantastikdir. İtalyanlar bir “besedka”ya görə təqribən 45 min avro pul “siliblər”. Üstəlik layihəyə görə konstruksiyalar xaricdən alınıb gətirilməli olduğu halda onları Babək prospektindəki kustar sexlərdən birində yığdırıblar...

Belə faktlar o qədər çoxsaylıdır ki, onların hamısını dinləməyə belə səbr çatmır. Amma iqamətgahın ərazisində çəkilən gəzinti yollarına xüsusi diqqət ayırmağa dəyər. Layihəyə əsasən bu yollar ağ sementdən istifadə olunmaqla betondan olmalıdır, betonun tərkibində isə gecələr işıq saçan fosforlar  yer almalıdır. İtalyanlar isə deyəsən bu yol işində bizim keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan öyrəniblər-onların çəkdikləri beton cığırlar indidən ayaq altında ovulub gedir. Nəticədə bütün işi söküb təzədən görmək lazım gələcək.

 “Bizdə FHN-nin rəyi var, bu yollar istifadəyə yararsızdır və tam yarıtmaz görülüb”-iş icraçısı qeyd edir.

Əfqan adlı bağban isə bildirir ki, italyanlara ağacların bu qumluqda bitməyəcəyini deyəndə onu işdən qovmaqla hədələyirdilər. “Bax bu İspaniyadan gətirilmiş palıd növüdür, həmişəyaşıl ağacdır. Amma çoxu quruyub, neçəsini çıxarıb atmışıq. O cümlədən yasəmən kolları. Əksəriyyəti qurudu. İqlimə dözmür, üstəlik dibinə münbit torpaq vermədilər, eləcə quma basdırdılar ki, siz qarışmayın, bitəcək. Bir maşın da olsun meşə torpağı, qara torpaq gətirməyiblər, bütün bitkiləri qumluğa basdırıblar, dibinə də hansısa kübrələr verdilər. Dedilər guya bu qumun tərkibini analiz ediblər və ağac əkməyə yararlıdır. Təkcə kübrə ilə qumun üstündə ağac bitər?”-bağban deyir.

Söhbətə İtaliya şirkətinin muzdlu işçisi kimi iqamətgahda işləyən və gözünün birini itirən digər bağban Seymur Əsədov qoşulur: “O keçəl olanı vardı, Massimo. Biz deyəndə ki, bu qumluqda, balıqqulağında ağac bitməz, işdən çıxarmaqla hədələyirdi.Deyirdi siz qarışmayın, layihədə belə göstərilib.Ümumiyyətlə, işlərin düzgün görülmədiyini deyən yerli işçiləri sıxışdırırdılar, müxtəlif bəhanələrlə işdən çıxarırdılar”.

Seymur deyir ki, gözünü italyanların tapşırığı ilə ağacların ətrafına hasar çəkmək üçün armatur əyəndə bada verib. Xüsusi alətlərlə təchiz edilmədən işləyən işçinin gözünə armatur batıb. İtaliya şirkəti isə Bakı xəstəxanalarından birində onun gözünü əməliyyat etdirib, amma Seymurun bir gözü kor olub.

“Dəfələrlə şikayət edəndən sonra 400 manat verdiər ki, İrana müalicəyə gedim. Getdim, amma xeyri olmadı. Kompensasiya vəd etsələr də bir qəpik də vermədilər. Mən də kasıb, kimsəsiz adamam, hara şikayət edəsiydim ki...Üstəlik şikayət etsəm işdən də çıxaracaqdılar...”-o nəql edir.

İtalyanlar işə subpodratçı kimi “BCC” MMC adlı hansısa yerli şirkəti də qoşublar. Həmin şirkət tikinti işlərini həyata keçirməliydi, amma işçilər deyirlər ki, sifarişçi bu şirkətin də çoxlu maxinasiyalara yol verdiyini üzə çıxarıb. Biznesmenə dəyən ziyan isə təkcə müqavilə üzrə aparılan hesablamalarda 1.5 milyon avroya çatır. Amma iş icraçısı, iqamətgahın inzibatçısı deyirlər ki, ziyan daha böyükdür. Çünki büdcə əvvəlcədən şişirdilmişdi, hansı ki, iqamətgahın 6 hektarlıq ərazisini 12 milyon avrodan qat-qat ucuza  abadlaşdırmaq, doğrudan da cənnət yaratmaq olardı...

Xatırladırıq ki, F.Əhmədovun qanuni nümayəndəsi bu günlərdə Massimo Alberti və Gianfranco Pagheranın əməlləri barədə Azərbaycan hüquq-mühafiizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi göndərib, onların barəsində cinayət işinin qaldırılmasını xahiş edib.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər