739
Kapital 10 iyul — 12:00

Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

“Dağ-mədən hasilat sahəsinin inkişafı istiqamətində “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub”.

Virtualaz.org bildirir ki, bunu iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib.

O qeyd edib ki, bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir.

Z.İbrahimov onu da vurğulayıb ki, qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün Cəmiyyət tərəfindən səylər göstərilməkdədir: “Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq”.

Xəbərlər