4678
Kapital 15 mart — 16:41

Dəbdəbəli toylara qadağa qoyan qanun açıqlandı

Özbəkistanda toyları, digər təntənəli ailə mərasimlərini, o cümlədən dəfn və ölənlərin xatirəsinin anılması ilə bağlı digər ritualları nizamlayan sərt qanun layihəsi açıqlanıb. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, sənəd Özbəkistanın normativ-hüquqi aktlar portalı Reg.gov.uz-da yerləşdirilib və martın 30-na qədər ictimai müzakirələrə açıq olacaq.

Bu qanun layihəsi prezident Şövkət Mirziyoyevin təxminən iki həftə əvvəl məmurları dəbdəbəli toylarda iştrak etdiklərinə görə hədələməsindən sonra hazırlanıb. Mirziyoyev bildirmişdi ki, məmurların bu toylarda xərclədikləri pulların mənbəyi araşdırılsa onların oğurluq olduğu üzə çıxacaq. Prezident məmurları hədələyərək belə məclislərə qatılmamağı tapşırmışdı və bildirmişdi ki, tezliklə ölkədə toy mərasimlərini nizamlayan yeni qanun qəbul ediləcək.

İndi açıqlanan layihəyə əsasən Nazirlər Kabineti 15 gün ərzində şəhərlərdə və rayonlarda müxtəlif mərasimləri, o cümlədən toyları tənzimləmək üçün xüsusi koordinasiya komitələri təsis edəcək. Habelə bu komitələrin fəaliyyətinə dair normativ-hüquqi aktları işləyib hazırlaycaq. Koordinasiya komitələrinə hakimiyyət orqanlarının, ictimai təşkilatların, o cümlədən Özbəkistan Müsəlmanlar Şurasının nümayəndələri daxil olacaqlar.

Sənədə əsasən ailə mərasimləri yığcam, ciddi və sadə olacaq. Nigah mərasimlərinə ən uzağı 150 adam çağırıla biləcək. Habelə mərasim zalları belə mərasimlərin mümkün qədər ucuz başa gəlməsi üçün mexanizmlər işləyib hazırlamalıdır. Toylarda ancaq bir musiqi qrupunun iştirakına icazə verilir. Qanun layihəsində göstərilir ki, övladlarına toy etmək və yas mərasimlərini yola vermək imkanında olmayan aztəminatlı ailələr üçün vahid həmkarlar-xeyriyyə ittifaqı yaradılacaq.

Bundan əvvəl Tacikistan toy və yas mərasimlərini sərt qaydalarla nizamlayan qanun tətbiq edib. Azərbaycanda da bir müddət bu məsələ müzakirə olunub, hətta parlamentin gündəliyinə çıxarılıb. Lakin dəbdəbəli toyların geniş yayıldığı ölkədə bu ənənəni məhdudlaşdırmaq işində irəli gedilməyib.

Virtualaz.org

Xəbərlər