1306
Kapital 13 mart — 16:15

Əhali prezident seçkilərində bir qutu ərzağa səsini satmağa hazırdır...

Ac ailələrin mətbəx masasında bir torba düyü mayda keçiriləcək prezident seçkilərində Nikolas Maduroya  yoxsul venesuelalıların dəstəyini təmin edə bilər. Misli görünməmiş iqtisadi böhrandan əziyyət çəkən milyonlarla venesuelalı xalq tərəfindən sevilməyən Maduro hökumətinin verdiyi ayda bir qutu zəruri ərzağa möhtacdır. “Reuters” agentliyi yazır ki, bu, bir zamanlar çiçəklənən,  OPEC üzvü olan Venesuelanın bugünkü reallığıdır.

Uqo Çavesin 55 yaşlı varisi, keçmiş avtobus şoferi Maduro 2016-cı ildə "CLAP qutuları" adlanan bu ərzaq paylarını tətbiq etməyə başlayıb. Maduronun sosialist hökuməti nağd pul və başqa hədiyyələrlə xalqın dəstəyini qazanmağa çalışır.

İndi mayın 20-də yenidən prezident seçilməyə ümid edən Maduro CLAP qutularını Vaşinqtonun başladığı "iqtisadi müharibədə" qalib gəlməkdən ötrü özünün "ən güclü silahı" adlandırır. Vaşinqton onu “diktator” adlandırır və ölkəyə sanksiyalar tətbiq edir.

Paytaxt Karakasın Petare məhəlləsində yaşayan tənha ana Mariana deyir ki, hökumətin verdiyi bu yardım onun kimə səs verəcəyini təyin edəcək. "Mən və tanıdığım başqa qadınlar Maduroya səs verəcəyik. Çünki o, CLAP qutularını paylamağa davam edəcəyinə söz verir. Bu, ən azı, bəzi problemlərin həllinə kömək edir", – aldığı müavinəti itirmək qorxusundan adının çəkilməsini istəməyən 30 yaşlı aşpaz deyir.

2013-cü ildə hakimiyyətə gələn Maduronun hakimiyyəti dövrü dünya neft qiymətlərinin kəskin azalması və dövlətin iqtisadi siyasətinin uğursuzluğa düçar olması nəticəsində meydana çıxmışağır iqtisadi böhranla üst-üstə düşüb. İqtisadi vəziyyət pisləşdikcə, yoxsul venesuelalıların bir hissəsi daha çox dövlətdən asılı olur.

Ölkənin yoxsul məhəllələrində həyat həmin bu CLAP qutuları ətrafında dönür. Rəsmi məlumatlara görə, 30 milyonluq əhalisi olan ölkədə 6 milyon ailə bu qutulardan bəhrələnir.Çoxu normal qidalana bilməyən venesuelalılar hər ay qutularının çatdırılmasını narahatlıqla gözləyirlər. CLAP qutularını qara bazarda satanlar da az deyil.

Hökumət CLAP qutularının içindəki ərzaqların, demək olar, hamısını xaricdən, xüsusən də Meksikadan idxal edir. Venesuelanın özünün qida istehsalı ciddi azalıb. Valyutaya nəzarətsə özəl idxalı çətinləşdirir.

20 may seçkilərində Maduronun əsas rəqibi olan Henri Falcon da daxil olmaqla, hökuməti tənqid edənlər CLAP qutularını siyasi patronajın sinik forması adlandırır, bu sahənin korrupsiya ilə dolu olduğunu deyirlər. Qutuların paylanmasına nəzarət hökumətə bağlı qrupların əlindədir. Yardımların vaxtında paylanmaması insanları qəzəbləndirir.

"O yardıma güvənə bilmərəm. Bəzən gəlir, bəzən yox", – altı uşaq anası, 24 yaşlı işsiz Viviana Colmenares gileylənir.

Üzərində möhürlə Maduro və Chavez-in şəkli həkk olunmuş CLAP qutularında adətən, düyü, makaron, dənli bitkilər (qarğıdalı və s.), duru yağ, süd tozu, ton balığı konservi və başqa zəruri ərzaqlar olur. İnsanlar qara bazarda belə qutunun birini 25 min bolivara (0,12 dollar) alırlar.Bu, aylıq məvacibin 2 dollardan aşağı olduğu, o məvacibin də cəmi 2 qutu yumurta, yaxud bir kiçicik süd tozu bankasına yetdiyi ölkənin sakinləri üçün göydəndüşmə imkandır.

Müxalif qüvvələrin məlumatına görə, ölkədə illik inflyasiyanın səviyyəsi 4 min faizi keçib. CLAP administrasiyası- Yerli Təchizat və İstehsalat Komitələri motivlərinin siyasi olduğunu gizlətmir.

"CLAP qutuları daim olacaq. Onlar inqilab alətidir. Onlar bizə sosial partlayışı dayandırmağa və seçkiləri udmağa... kömək edib", – CLAP-in baş inzibatçısı Freddy Bernal Reuters-ə deyib.

Ancaq bəzən bu taktika əks nəticələr verir. Milad bayramı ərəfəsində söz verilmiş donuz əti gəlib çıxmadığından küçə nümayişləri baş qaldırmışdı. Ekzit-pollardan birinin nəticələrinə görə, Maduronun xalq arasında reytinqi cəmi 26% olsa da, Venesuela müxalifətinin seçkiləri boykot etməsi fonunda onun yenidən seçilməsi ehtimalı böyükdür.

Onun ən populyar rəqiblərinin seçkidə iştirakı qadağan edilib, seçkini keçirən qurumsa hökumətin tərəfindədir. “Datanalisis” özəl sorğu şirkətinin fevralda keçirdiyi bir rəy sorğusu göstərib ki, keçmiş ştat qubernatoru Falcon normal seçki şəraitində səslərin 45,8%-ə qədərini toplayaraq, Maduro-ya qalib gələrdi. Sorğunun nəticələrinə görə, Maduro səslərin yalnız 32,2%-ni toplaya bilər. Ancaq müşahidəçilər seçki saxtakarlığı şəraitində bu rəqəmlərin heç bir şey demək olmadığını deyirlər.

Virtualaz.org

Xəbərlər