332
Kapital 7 dekabr — 18:34

Azərbaycan Səudiyyə Ərəbistanına ət və süd məhsulları ixrac edə bilər

Azərbaycanın növbəti ixrac missiyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distribüterlik məsələləri müzakirə olunub.

Görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərəfli görüşlər zamanı "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distribüter şirkətləri ilə danışıqlara başlayıb. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distribüter şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.

Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində də olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.

Xəbərlər