2596
Kapital 8 noyabr — 17:13

Səudiyyə Ərəbistanında şahzadələrin həbsinin yeni dalğası başladı

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.

Məlumata görə, həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu otellərdən birində saxlanılırlar.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib.

Həmin əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər - ümumilikdə 9 nəfər ölüb.

Onu da qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə varis şahzadə Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

*   *   *12:37

Səudiyyə Ərəbistanında baş verən misli görünməmiş proseslər dünyanın diqqət mərkəzindədir. Virtualaz.org xəbər verir ki, vəliəhd şahzadə Muhammed bin Salmanın əmri ilə kral ailəsinin üzvlərinin və məmurların, iş adamlarının ötən həftə sonundan başlayan həbsləri davam edir. Həbs olunanların bank hesabları və digər aktivləri dondurulub, məlumatlara görə həbs siyahısında 500-dən çox adamın adı var.

Bu arada “The Wall Street Journal” qəzeti yazıb ki, vəliəhdin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə üzrə Ali komitə cəmi 800 milyard dollarlıq aktivləri və bank vəsaitlərini müsadirə etməyə hazırlaşır. Bu aktivlər həbs olunan şahzadələrə və məmurlara, biznesmenlərə məxsusdur. İndiyədək 60-dan çox adam həbs olunub, onlara qarşı çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq kimi ittihamlar irəli sürülüb. Həbs olunanlar Ər-Riyaddakı beşulduzlu “Ritz Carlton” otelində saxlanılır.

Qəzetə məlumat verən mənbə deyib ki, müsadirə olunan aktivlər dövlətə veriləcək. Lakin bu aktivlərin xeyli hissəsi xaricdə olduğu üçün onların Səudiyyə Ərəbistanına gətirilməsi çətin görünür. Bununla belə əgər nəzərdə tutulan aktivlərin bir qismi belə müsadirə edilsə Səudiyyə Ərəbistanı maliyyə vəziyyətini xeyli düzəldə bilər. Neftin ucuzlaşmasından sonra bu ölkə ehtiyatlarını sürətlə xərcləyib, hətta xaricdən borc almalı olub.

Analitiklər Səudiyyə Ərəbistanında baş verən prosesləri kral Salmanın sevimli oğlu və vəliəhdi Muhammedin atasından sonra hakimiyyəti öz əlində cəmləşdirmək məqsədi ilə izah edirlər.

Virtualaz.org

Xəbərlər