313
Kapital 12 sentyabr — 18:45

“Harvi” və “İrma” ABŞ-ı 300 milyard dollar xərcə salıb

ABŞ-ın Texas ştatına "Harvi", Florida ştatına isə "İrma" qasırğasının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.

"Bloomberg" agentliyi xəbər verir ki, bu ehtimalı "AccuWeather" beynəlxalq hava proqnozu şirkəti yayıb. Bu da ölkənin ÜDM-nin təxminən 1,6%-nə bərabərdir.

"AccuWeather"in rəhbəri Coel N.Mayersin açıqlamasına görə, qasırğaların zərər vurduğu bölgələrdə işsizlik kəskin artacaq, benzin və yanacaq bahalaşacaq. Mayers "İrma" qasırğasının sentyabrın 14-dən etibarən təsir gücünü itirəcəyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın "Goldman Sachs" bankı qasırğaların ABŞ-ın III rüb iqtisadi artım göstəricisinə mənfi təsir edəcəyini bildirib. Bank ABŞ-ın III rüb iqtisadi artım proqnozunu 2,8%-dən 2%-ə endirib. Bununla yanaşı, "Goldman Sachs" qasırğaların vurduğu zərərin bərpa edilməsi prosesinə başlanması ilə artacaq iqtisadi fəallığın IV rübdə ÜDM-ə 0,4 faiz bəndi səviyyəsində əlavə müsbət təsir edəcəyini proqnozlaşdırır.

Xəbərlər