440
Kapital 12 sentyabr — 10:30

Azərbaycandan fındıq ixracına dair 2 müqavilə imzalandı

Rusiyada keçirilən “Worldfood Moscow” sərgisində Azərbaycandan fındıq ixracına dair 2 müqavilə imzalanıb.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi sərgi ziyarətçiləri, xüsusilə də müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb.

Milli üslubda hazırlanmış Azərbaycan stendini ziyarət edənlərə 30-dan çox ixracatçı şirkətimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb. Azərbaycan mətbəxi, milli musiqimiz və rəqslərimiz, qədim xalçaçılıq sənətinin əyani nümayiş olunması sərgi ziyarətçilərində böyük təəssürat yaradıb. Ziyarətçilər Azərbaycan stendində nümayiş olunan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsullarına dair geniş məlumat almaq və onları dadmaq imkanı əldə ediblər.

Sərginin açılış mərasimindəki çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev qarşılıqlı dostluq və faydalı tərəfdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan - Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanın ilk dəfə olaraq “Worldfood Moscow” Sərgisinin ekskluziv partnyoru olduğunu diqqətə çatdırıb.

Sərginin rəsmi açılışından sonra Rusiya Federasiyasının, eləcə də sərgi iştirakçısı olan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olublar.

“Worldfood Moscow” çərçivəsində bir sıra Azərbaycan məhsullarına böyük maraq göstərilib. Artıq Azərbaycanın “Azərstar” MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.

Virtualaz.org

Xəbərlər