905
21 avqust — 13:32

Xruşşov dövründə yaşayan, Azərbaycan bayrağının olmadığı kənd...

Havaların isti keçməsi Azərbaycanın aran bölgələri bir yana, dağlıq ərazilərində yaşayanlar üçün də problemlər yaradır. Dağlıq ərazilərdə də içməli su çatışmır. Meyvə bağları susuzluqdan yanır. Kənd yollarını maşın keçəndə toz-duman basır.

Lənkəran rayonunun Gəgiran kənd sakini Əli Axundov da sözə su problemindən başlayır: "Burada su yoxdur, elə bil Ərəbistan çölləridir. Xalqın qadınları su növbələrinə durur. Yol yoxdur. Lənkəranın kəndindən Lənkərana 5 manata, Lənkərandan İranın Ərdəbil şəhərinə 3 manata getmək olur. Lənkərandan Bakıya 300 kilometrdir. O da 5 manatdır. Ancaq aktlar yazırlar ki, Gəgirana yol çəkilib. Gəgirana yol çəkməyiblər. Burda yaşayan 2000 insanın vəziyyəti çox çətindir".

Kəndin digər sakini İslam Əliyev deyir ki, müstəqillikdən 20 ildən çox keçməsinə baxmayaraq sovet dövründən qalmış problemlərin içində çabalayırlar. O qeyd edir ki, Azərbaycan varlı ölkə olsa da onlar ehtiyac içində yaşayırlar. Dağ kəndlərindəki ağır yaşayış cavanların burdan köçməsinə səbəb olur:

Kənd sakini

"Əhalinin hamısı gedib Bakıda işləyir. Burda iş yeri yoxdur. 300 təsərrüfat var bizdə. Xahiş edirik, icra başçısından ki, bizi ayırsın. Su üçün 6 saat yol gedirsən. Su yoxdur, yol yoxdur, marşrut yoxdur, həkim yoxdur. Azərbaycan bayrağı bu kənddə yoxdur".

Sakinlərdən Kamal Xalıqov isə kənd təsərrüfatının bərbad vəziyyətindən danışır. Onun deməsinə görə, kənddə adambaşına 9 sot torpaq düşüb. Kamal Xalıqov deyir ki, bu qədər torpaqla yaşamaq qeyri-mümkündür.

Onun sözlərinə görə, kənd təsərrüfatında bütün işlər əl əməyi ilə görülür, texnika yoxdur: "Hər yerdə yenilik var. Biz Xruşşov vaxtında necə yaşamışıqsa, indi də elə yaşayırıq. Nə traktor var, nə maşın var. Heç nə yoxdur".

Kamal Xalıqovun sözlərinə görə, 2-3 gündür 70-ə yaxın sakin suya və yola görə kəndin mərkəzində toplaşır. Kənd ərazi nümayəndəsinə xəbər göndərsələr də hələ gəlib onlarla görüşməyib.

K.Xalıqov deyir ki, kəndin mərkəzindəki çayxana da fəaliyyətini dayandırıb: "Bizdə çayxana işləmir. Sadəcə gərək pulun ola çayxanada oturasan".

Gəgiran ərazi nümayəndəsi İsmayıl Cəfərov da rayonun iki kəndində içməli su ilə bağlı çətinliklərin olduğunu etiraf edir. Onun sözlərinə görə, Gəgiran kəndi də bu kəndlərdən biridir. Ərazi nümayəndəsi "Azadlıq"a deyir ki, kəndə içməli suyun verilməsi ilə bağlı layihə hazırlanıb və dövlət proqramına salınıb. Suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. O deyir ki, bu məsələ ilə bağlı kənd sakinləri ilə görüş keçirdib. Rayon icra hakimiyyəti başçısı da kənddə olub. Nümayəndənin fikrincə, kəndlərin problemlərini aradan qaldırmaq üçün hər zaman iş görülür.

Xəbərlər