1142
12 may — 09:18

Şeyxin müavini vəfat etdi

Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hacı Mirəziz Seyidzadənin yaxınlarının Publika.az-a verdiyi məlumata görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub. Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb. Xatırladaq ki, Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq. Allah rəhmət eləsin! Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb.

1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. Elmi dərəcəsi və elmi adları: 2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb.

1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib. Kitabları: 1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991. 2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996. 3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998. 4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002. 5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003. 6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006 7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008 8. "Divan" (472 səh.) Bakı-2008. 9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009 10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009 11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010 12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011 13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013 Məqalələri: 1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir. İctimai fəaliyyəti: 1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvü olub. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olub.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edib. Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvü olub. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. Ailəli idi, beş övladı var.

Xəbərlər