751
Dünya 10 avqust — 20:40

Güclü yağışlar Gürcüstanın bəzi bölgələrində problemlər yaratdı

Avqustun 9-da və 10-da Gürcüstana yağan leysan yağışlar və dolu ölkənin bəzi bölgələrində bir sıra fəsadlar törədib.

Axmeti rayonunda evlərin zirzəmilərinə, ictimai-iaşə obyektlərinə su dolub, xırda sahibkarlara xeyli ziyan dəyib.

“Hərbi yol” kimi tanınan və Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Lars yolu gecə saatlarında bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, yolda Gürcüstan, Azərbaycan, Ukrayna, İran, Türkiyə və Ermənistana məxsus xeyli sayda minik və yük avtomobili qalıb. Axşam və bu gün səhər saatlarında aparılan xilasetmə tədbirləri nəticəsində artıq yol sel sularının gətirdiyi iri daşlardan təmizlənib, torpaq uçqunu olan ərazilərdə torpaqbərkitmə tədbirləri görülüb, magistral istifadəyə verilib.

Leysan yağışlar turistlərin ən çox üz tutduqları Kobuleti şəhərində də ciddi fəsadlar törədib. Bəzi evlərin birinci mərtəbələri, küçə və prospektlər su altında qalıb. Baş vermiş qasırğa nəticəsində və ehtiyatsızlıqdan bir neçə turist dənizdə batıb.

Gürcüstanın Pankisi dərəsində də sel suları ciddi problemlər yaradıb. Dolu meyvə və tərəvəz bağlarına xeyli ziyan vurub.

Hazırda Gürcüstan hökumətinin müvafiq strukturları ərazilərdə vəziyyəti öyrənir, təmir-bərpa işləri həyata keçirir. (AzərTAc)

Xəbərlər