249
Dünya 17 may — 14:34

Avropa İttifaqının sammiti İranla nüvə sazişini dəstəklədi

İranla nüvə sazişini nəinki qoruyub saxlamaq, həm də raket probleminin həlli yolları və İranın regiondakı rolu ilə bağlı məsələləri daxil etməklə onu genişləndirmək lazımdır.

Bunu mayın 17-də Sofiya şəhərində keçirilən Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitinə gələn Fransa prezidenti Emmanuel Makron deyib.

O həmçinin mayın 16-da sammitin işgüzar şam yeməyi zamanı Aİ liderlərinin Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəldiklərini bildirib.

Emmanuel Makronun sözlərinə görə, Avropa Komissiyası kompaniyaların müdafiəsi üçün texniki təkliflər paketini formalaşdırıb. Bununla yanaşı, Fransa lideri beynəlxalq korporasiyaların öz maraqları çərçivəsində İranla işləmək barədə müstəqil qərar verməli olduqlarını da qeyd edib.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.

Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran prezidenti Həsən Ruhani isə Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.(AzərTAc)

Xəbərlər