678
Dünya 13 fevral — 15:48

Hakim partiya prezidentə istefa üçün iki gün vaxt verdi

CAR-da hakim Afrika milli konqresi partiyası istefaya getməsi üçün prezident Ceykob Zumaya iki gün vaxt verib. Əks halda o, vəzifədən kənarlaşdırılacaq.

Bu barədə yerli KİV-lər və Reuters agentliyi məlumat yayıb. Partiya isə rəsmi şəkildə belə bir informasiya verməyib.

Əgər Zuma istefa verməsə, etimadsızlıq votumu keçiriləcək və 75 yaşlı prezident vəzifəsindən məhrum olacaq.

Partiyanın icraiyyə komitəsi fevralın 12-dən 13-ü səhərədək bu qərarı müzakirə edib. İclası vitse-prezident və 2017-ci ilin dekabrından partiyanın lideri olan Siril Ramafosa aparıb. Partiyanın qərarını prezidentə çatdırmaq üçün Ramafosanın şəxsən prezident iqamətgahına getdiyi bildirilir. Prezidentin bu qərara reaksiyasının necə olacağı hələlik məlum deyil.

Ceykob Zumanın ikinci prezidentlik müddəti 2019-cu ilin mayında başa çatmalıdır. Son zamanlar müxalifət dövlət əmlakının talan olunması barədə qalmaqal səbəbindən hakim partiyaya təzyiqləri artırır. 2014-cü ildən korrupsiyada ittiham olunan prezident ünvanına səsləndirilən bütün ittihamları rədd edir.

Dövlət başçısı şəxsi evinin təmirinə, əsasən də hovuz və amfiteatrın tikintisinə ayrılan vəsaitin bir hissəsini dövlət xəzinəsinə qaytarmamaqda ittiham olunur. Prezidentin təmir işlərinə 20 milyon dollardan çox vəsait xərclədiyinə dair məlumatlar yayılıb.(AzərTAc)

Xəbərlər