1329
Dünya 15 noyabr — 14:39

Zimbabvedə çevriliş: Muqabenin səlahiyyətlərini Mnanqaqva müvəqqəti icra edəcək

Zimbabvedə hərbçilərin müdaxiləsindən sonra istefaya razılaşan 93 yaşlı prezident Robert Muqabenin səlahiyyətlərini noyabrın 7-də birinci ledinin komandası tərəfindən istefaya məcbur edilmiş vitse-prezident Emmerson Mnanqaqva icra edəcək. Virtualaz.org xəbər verir ki, belə bəyanatla hakim ZANU-DF partiyası özünün Tvitter bloqunda çıxış edib.

Partiya bildirir ki, Zimbabvedə hərbi çevriliş olmayıb. “Ordunun müdaxiləsi barədə qərar qəbul olunub, çünki bizim konstitusiyamız pozulmuşdu. Keçid dövründə yoldaş Emmerson Mnanqaqva bizim inqilabçı təşkilatın nizamnaməsinə əsasən ZANU-DF prezidenti olacaq”-partiyanın bəyanatında bildirilir.

Zimbabve azadlıq hərəkatının liderlərindən olan, “köhnə qvardiya”nın təmsilçisi general Mnanqaqvanın hazırda harada olduğu məlum deyil. O, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ölkədən qaçıb gizlənmişdi və Muqabe ilə arvadına qarşı sərt bəyanatla çıxış etmişdi.

“Muqabe və onun arvadı Zimbabvenin və ZANU-nun sahibləri deyil. Bu gün yeni era başlayır və yoldaş Mnanqaqva Zimbabveni dirçəltməkdə bizə kömək edəcək”-hakim partiya birinci ledinin fraksiyasının ordu tərəfindən zərərsizləşdirilməsindən sonra bildirib.

*   *   *13:45

Zimbavedə hərbçilərin nəzarəti altında olan prezident Robert Muqabe istefa verməyə razılaşıb.

Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, Muqabe hərbçilərlə əldə edilmiş razılaşmaya görə istefaya hazırlaşır. Hansı ki, bu vaxt ərzində onun arvadı, Zimbabvedə hərbi çevrilişə gətirib çıxarmış proseslərin baiskarı olan birinci ledi Qreys Muqabe ölkəni tərk edəcək.

“Reuters” xəbər verir ki, hərbçilər ərindən sonra hakimiyyət başına gəlməyə hazırlaşan birinci ledinin fraksiyasına daxil olan maliyyə naziri İqnatius Çombo ilə yanaşı Qreys Muqabenin komandasında yer alan milli təhlükəsizlik naziri Seyvior Kasukuvere və təhsil naziri Conatan Moyonu da həbs ediblər.

Digər məlumata görə Mərkəzi kəşfiyyat xidmətinin rəhbərinin müavini Albert Nqulube və hakim ZANU-DF partiyasının Milli gənclər liqasının prezidenti Kudzay Çipanqa da həbs olunublar. Milli polisin komissarı (daxili işlər naziri) Avqustin Çixurinin taleyi haqda heç nə məlum deyil.

Hesab edilir ki, məhz təhsil naziri Conotan Moyo hakim partiyada birinci ledinin başçılıq etdiyi “G40” fraksiyası tərəfindən Zimbabve azadlıq hərəkatının qəhrəmanlarını, yaxud “köhnə qvardiyanı” sıxışdırıb sıradan çıxarmağa yönəlmiş fəaliyyətlərə rəhbərlik edirdi. Həmin uzaqlaşdırma kampaniyasının bir hissəsi kimi noyabrın 7-də vitse-prezident Emmerson Mnanqaqva istefaya məcbur edilib.

*   *   *11:03

Zimbabvedə ordu komandanlığı bəyan edir ki, prezident Robert Muqabe nəzarət altına alınıb və ölkədə situasiya “başqa səviyyəyə çatıb”. Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanat Zimbabvedə prezident Robert Muqabenin vitse-prezident Emmerson Mnanqaqvanı vəzifədən uzaqlaşdırmasından sonra ordu qüvvələrinin paytaxt Hararedə hökumət binalarını nəzarət altına almasının ardınca səslənib.

Mnanqaqva 93 yaşlı Muqabedən sonra prezident postuna əsas namizəd hesab olunurdu. Lakin Zimbabveni faktiki idarə edən birinci ledi Qreys Muqabe ərindən sonra hakimiyyəti öz əlinə almaq planları qururdu və gözlənilirdi ki, Muqabe məhz onu vitse-prezident təyin edəcək. Mnanqaqvanın vəzifədən uzaqlaşdırılmasından sonra Qreys Muqabe onun tərəfdaşlarının kütləvi həbsinə başlamışdı və bu da ordunu qəzəbləndirdi.

Xəbərlərə görə Zimbabve dövlət televiziyası ZBC-nin binasının ordu tərəfindən ələ keçirilməsindən sonra hərbi geyimli iki zabit efirdən silahlı qüvvələrin ölkədə hərbi çevriliş həyata keçirdiyini inkar edib. Həmin zabitlər bildiriblər ki, Muqabe və ailəsi “təhlükəsiz və etibarlı yerdədir”, onların təhlükəsizliyi təminat altındadır.

“Bizim hədəfimiz ancaq onun ətrafındakı cinayətkar ünsürlərdir, hansı ki, cinayət törədirlər və ölkədə sosial-iqtisadi səfalət yaradıblar. Onlar məsuliyyətə cəlb olunacaqlar”-deyə efirdən çıxış edən zabitlərdən biri, qərargah rəisi, general-mayor S.B.Moyo bildirib. General xəbərdarlıq edib ki, istənilən təxribata “adekvat cavab veriləcək”.

Xəbərlərə görə hərbçilər maliyyə naziri İqnatiya Çombonu həbs ediblər. Çombo hakim ZANU-DF partiyasında birinci ledi Qreys Muqabenin başçılıq etdiyi “G40” adlanan fraksiyanın üzvlərindən biridir. Həmin fraksiya Muqabedən sonra arvadını hakimiyyət başına gətirməyə hazırlaşırdı. Lakin ordu komandanı Konstantin Çivenqa ZANU-DF partiyasında təmizləmələrə cavab olaraq siyasi proseslərə müdaxilə edəcəyi ilə hədələyib. Bundan sonra hakim partiya onu “xəyanətdə” və “hərbi çevriliş cəhdində” ittiham edib.

Ötən gün axşamdan başlayaraq zirehli transportyorlar və tanklar, əsgərlərlə dolu maşınlar paytaxt Hararedə bir sıra hökumət binalarını, o cümlədən dövlət televiziyasını nəzarət altına alıb. Televiziyanın əməkdaşlarına binanı tərk etmək əmr olunub, bəzi əməkdaşlar sərt rəftara məruz qalıb. “Reuters”ə danışan şahidlər  bildiriblər ki, daha sonra paytaxtda üç güclü partlayış eşidilib.

Ordu komandanı Çivenqa

Birləşmiş Ştatlar və Böyük Britaniya Hararedəki vətəndaşlarına “qapalı məkanlarda qalmağı” tövsiyə edir, bildirilir ki, siyasi qeyri-müəyyənliklə bağlı onların təhlükəsizliyinə təminat yoxdur.

Zimbabve təhlükəsizlik xidmətinin keçmiş rəhbəri olmuş “Timsah” ləqəbli Mnanqaqva cəmi bir neçə ay əvvəl vitse-prezident təyin edilmişdi və Muqabedən sonra hakimiyyət başına keçməyə namizəd sayılırdı. Lakin bir neçə gün əvvəl 52 yaşlı birinci ledi Qreys Muqabenin hakimiyyət zirvəsinə yolunu açmaq üçün vəzifədən qovulub, ardınca hakim partiyadan onun tərəfdarlarının təmizlənilməsinə başlanılıb.

General Emmerson Mnanqaqva və Robert Muqabe

Bunun ardınca silahlı qüvvələrin komandanı Çivenqa bəyan edib ki, ordu Zimbabve azadlıq mübarizəsinin veteranı olmuş general  Mnanqaqvanın bir vaxtlar Robert Muqabenin katibəsi olmuş Qreysə görə vəzifədən kənarlaşdırılmasını qəbul etmir.

“Reuters” agentliyinin bu il əldə etdiyi kəşfiyyat məlumatlarına görə Mnanqaqva Zimbabvedəki acınacaqlı sosial-iqtisadi vəziyyəti, hiperinflyasiyanı aradan qaldırmaq üçün iqtisadi islahatlar, o cümlədən ağdərili fermerlərin ölkəyə qaytarılmasını, beynəlxalq maliyyə institutları ilə əlaqələr qurulmasını planlaşdırırdı. Lakin “G40” adlanan və əsasən gənclərdən ibarət fraksiya Qreys Muqabenin hakimiyyət başına gətirilməsi üçün işləyirdi.

Analitiklər qeyd edirlər ki, hərbçilər siyasi proseslərə müdaxilənin çevriliş kimi təqdim olunmasını istəmirlər. Çünki nəzərə alırlar ki, hərbi çevriliş Afrika dövlətləri ittifaqı tərəfindən kəskin tənqid olunacaq.

Virtualaz.org

Xəbərlər