5201
28 iyun — 22:59

Xətainin icra başçısı prezidentin tapşırığına qarşı (Fotosessiya)

Razim Məmmədov Qara şəhər sakinlərinə tam kompensasiya vermək istəmir 

Bakı Ağ şəhər layihəsi prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 11 iyun, 2007-ci il tarixli “Qara şəhərin bərpası və inkişafı haqqında” sərəncamına əsasən həyata keçirilir.

Layihəyə əsasən Qara şəhərdə 10 universal şəhər tipli məhəllə, bu məhəllələrin hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılacaq.

Amma nədənsə Ağ şəhər layihəsi həyata keçirilməyə başlayandan bəri Qara şəhər sakinlərinin üzü gülmür. Hər kəs təşviş və qorxu içindədir ki, ya evimizi söküb pul verməyəcəklər, ya da biz verilən pulla harada və necə ev alacağıq.

Qara şəhər ərazisində yaşayan sakinlərə hələ 2007-ci ildən etibarən evlərinin söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bir neçə gündür isə evlərin hasarlarının sökülməsinə başlanılıb.

Qara şəhər ərazisində bu gün də söküntü işləri aparılırdı. Söküntü prosesini izləyən virtualaz.org-un əməkdaşının bildridiyinə görə, Xətai Rayon İcra Hakimiyyətinin (RİH), Xətai Rayon Bələdiyyəsinin və Xətai Rayon Polis İdarəsinin (RPİ) çoxsaylı nümayəndələri də olay yerində idi. Orada sakinlərin narazılığının, etirazlarının şahidi olan əməkdaşımız Xətai RİH başçısının müavini Zaməddin Əkbərovdan məsələ ilə bağlı açıqlama alıb.

Zaməddin Əkbərov indi sökülən evlərin sakinləri ilə razılığa gəlindiyini bildirdi: “Sökülən evlərin hər kvadratmetrinə görə 1000 manat, evin damından kənarda olan əlavə tikililərin hər kvadratmetrinə görə isə 750 manat veriləcək. Bununla bağlı xüsusi komissiya yaradılıb. Bazar qiyməti öyrənilib. Vətəndaşlarla razılığa gəlinib və müqavilə bağlanıb. Amma qanunsuz tikililərin torpaq sahələrinə kompensasiya ödənilməyəcək. Çünki bu torpaq sahələri dövlətindir, indi də geri qaytarılır. Bunun üçün dövlət yenə pul ödəməlidirmi?!”

Z.Əkbərov bunu demişdi ki, bizi dinləyən sakinlərdən biri buna etiraz etdi. O dedi ki, sakinlərin heç birinin razılığı yoxdur və onlarda da heç bir müqavilədə bağlanmayıb.

Evlərinin hasarı sökülən sakinlərin sözlərinə görə, Xətai RİH-in nümayəndələri gələndə onlara evlərinin yox, üzbəüz ərazidəki zavodun hasarını sökəcəklərini deyiblər. Amma bir neçə saat keçdikdən sonra nə baş verdiyini anlamayan sakinlər evlərinin hasarlarının söküldüyünü görüblər. Onlar buna etiraz edərək söküntüyə mane olmağa çalışıblar. Amma polis gücünə hadisə yerindən uzaqlaşdırılıblar.

Adını demək istəməyən üç uşaq anası evlərinin hasarının zorla söküldüyünü və bu barədə onlara heç bir xəbərdarlıq edilmədiyini bildirdi: “Uşaqlarımla evdə oturmuşdum. Bir də gördük ki, işığımızı kəsdilər, hasarımızı da sökdülər. Onlara körpə uşaqlarımın olduğunu, bu şəraitdə yaşaya bilməyəcəyimi dedim. Mənə dedilər ki, sizə bu da azdır”.

10 ildən çoxdur Qara şəhərdə yaşayan Cəbrayıl qaçqını Əfsər Əsədov isə bildirdi ki, sakinlər heç bir müqaviləyə qol çəkməyib, verilən məbləğlə də razı deyillər: “Ailədə 8 nəfərik. Biz bundan sonra hara gedə bilərik? Evimizin tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Bunlar da gəlib evimizi sökürlər. Torpağa pul verməyəcəklərini deyirlər. Sadəcə olaraq evə və evin damından kənarda olan əlavə tikililərə görə pul verəcəklərini bildirirlər. Hasarımızı da polislərin gücü ilə sökdülər. Razı deyildik”.

Qeyd edək ki, RİH başçısının müavini Zaməddin Əkbərov bir neçə dəqiqə əvvəl verdiyi açıqlamasında sənədi olan torpaq sahələrinə görə kompensasiya ödəniləcəyini bildirmişdi. Sakinlərin sözlərinə görə isə Z.Əkbərovun “hər kəs razıdır” deməsinə səbəb burada yaşayan sakinlərdən birinin aldadılması olub: “Qonşularımızın biri Çeçenistandandır. Bakıda ayrı yerdə yaşayır. Qara şəhərdəki evini isə kirayəyə verib. İcra hakimiyyətindən ona zəng edib aldadıblar. Deyiblər ki, 10 ev söküləcək, 9 evin sahibi razıdır, bircə sən qalmısan. Onu icra hakimiyyətinə çağıraraq hər kvadratmetrə görə 1000 manatdan razılaşıblar, sonra da müqaviləyə qol çəkdiriblər. Bunu eşidib onunla danışdıq, niyə razılaşdığını soruşduq. O isə cavabında dedi ki, məni aldadıblar, sizin 1000 manata razı olmadığınızı bilmirdim, əgər bilsəydim, qol çəkməzdim”.

Qara şəhərin qaragünlü sakinləri dünən Xətai RİH başçısı Razim Məmmədovla da görüşüblər. R.Məmmədov sakinlərə bildirib ki, evlər sökülərkən hər kvadratmetrinə görə 1000 manat, evin damından kənarda olan tikililərin hər kvadratmetrinə görə isə 750 manat veriləcək. “Bu, Nazirlər Kabinetinin qərarıdır və əlimdən başqa bir şey gəlmir. Bir qəpik də artıq verə bilmərik” - deyib icra başçısı.

Lakin sakinlərin narazı olduğunu və BŞİH-ə yürüşə getmək istədiklərini anlayan R.Məmmədov fənd işlədərək onları aldadıb. İcra başçısı sakinlərə əlavə tikililərin də hər kvadratmetrinə görə 1000 manat veriləcəyini deyib. R.Məmmədov Nazirlər Kabinetinin qərarını bir neçə dəqiqənin içində “dəyişsə” də sakinlər bununla da razı olmayıblar. Onlar hər kvadratmetrə görə 1500 manat tələb edərək görüşü tərk ediblər.  

Qara şəhər sakinlərinin taleyinin necə olacağı bilinmir. Evlərinin sökülməsinə razı olmayan sakinlər evlərini tərk etməyəcəklərini deyirlər. Onlar ölkə prezidentinin dediyi kimi, evlərinin hər kvadratmetrinə görə 1500 manat verilməsini istəyirlər. Qeyd edək ki, president BŞİH başçısı Hacıbala Abutalıbova göstərişində sökülən evlərin sakinlərini narazı salmamağı və hər kvadratmetrə görə 1500 manat verməyi tapşırıb. Bu kadrlar TV-lərdə də dönə-dönə göstərilib. Göründüyü kimi, Xətai RİH başçısı indi nəyəsə və ya kiməsə arxayın olaraq Qara şəhər sakinlərini aldadır və prezidentin bu tapşırığını icra etməkdən boyun qaçırır. Onu da yada salaq ki, Xətai rayonu bu rayonun əvvəlki icra başçısı, indiki YAP icra katibi Əli Əhmədovun kurasiyasındadır. 

İlkin Muradov

(fotolar müəllifindir)

Virtualaz.org

Xəbərlər