1436
Cəmiyyət 16 iyul — 19:44

Hakim qızına 2 milyon dollarlıq toy elədi

Rusiyanın Krasnodar vilayəti məhkəməsinin hakimi Yelena Xaxlayeva qızına 2 milyon dollarlıq toy edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda vəkil Sergey Jorin özünün İnstagram səhifəsində yazıb. Toya Rusiya estradasının ulduzları da dəvət olunub. Vəkil hakimin qızına bu cür dəbdəbəli toy etmək üçün pulu necə əldə etdiyini sual edir.

REN TV kanalı da toydan videokadrlar yayıb. Kadrlardan görünür ki, estrada ulduzları Nikolay Baskov və Valeri Meladze toyda qonaqları əyləndirirlər. Toya vokalçı Vera Brejneva da dəvət olunub. Toy Krasnodar vilayətinin ən dəbdəbəli restoranı və konsert zalı olan Galich Hall-da keçirilib.

Teleaparıcı Andrey Karaulov vəkil Jorinin sözlərini təsdiq edərək bildirib ki, estrada ulduzları toyda oxumağa görə 400 min avro qonorar alıblar. Yeni evlənənlərə verilən çoxsaylı bahalı hədiyyələr arasında “Bentley” avtomobili də olub. Hakimin qızının Rusiya İstintaq Komitəsinin Krasnodar vilayət idarəsinin əməkdaşı ilə ailə qurduğu bildirilir.

Hakim Xaxlayevanın rəsmi gəlirləri ötən il 2.6 milyon rubl, yaxud ayda 220 min rubl olub. Gəlir bəyannaməsinə əsasən hakim cəmi 66 kvadratmetrlik mənzilə və bağ sahəsinə malikdir. Ərinin qazancı barədə məlumat yoxdur. Jurnalistlərin bildirdiyinə görə, hakimin əri torpaq alveri ilə məşğuldur. Xaxlayevanın özündən isə yerli sakinlər dəfələrlə şikayət ediblər. Məsələn, prezident administrasiyasına şikayət edən qadın hakimin torpaq sahələri ilə maxinasiya etdiyini bildirir.

Virtualaz.org

Xəbərlər