1746
Cəmiyyət 16 iyul — 21:10

Bakıda gənc sevgilisini boğdu, “Bizi bir yerdə basdırın” yazdı və intihar etmək istədi

25 yaşlı gənc sevgilisini boğduqdan sonra “Bizi bir yerdə basdırın” sözləri olan vida məktubu yazıb və özünü asmaq istəyib. Evin tavanı alçaq olduğundan, ayaqları yerə dəydiyi üçün intihar edə bilməyib. Bu dəfə ülgücə əl ataraq biləklərini doğrayıb. Amma yenə ölməyib, sağ qalıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Sabirabad rayon sakini Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

İttihama görə, qətl hadisəsi baş verən gün Paşa Cəbrayılovla qeyri-rəsmi yaşadığı Zülfiyyə Rəhimova arasında mübahisə düşüb. Mübahisəyə səbəb P.Cəbrayılovun Rusiyadan pulsuz qayıtmasına qadının irad tutması və onun ailə üzvləri barədə təhqiramiz ifadələr işlətməsi olub. Bundan hiddətlənən P.Cəbrayılov əli ilə qadının boğazından yapışaraq boğmağa başlayıb. Mexaniki asfiksiya nəticəsində Z.Rəhimova dünyasını dəyişib.

Mərhum Z.Rəhimova yaşca P.Cəbrayılovdan 20 yaş böyük olub. Qadın əvvəllər Türkiyə vətəndaşı ilə ailə qurub. Ondan ayrıldıqdan sonra qızı ilə birgə kirayədə yaşamağa başlayıb. Kafedə ofisiant işləyən Z.Rəhimova qazandığı pulla həm özünü, həm də övladını dolandırıb. P.Cəbrayılovla da kafedə tanış olub, aralarında yaxın münasibət yaranıb. Sonradan P.Cəbrayılov qadının kirayə yaşadığı evə köçüb.

Dostluqla başlayan sevgi macərası

Təqsirləndirilən şəxs qismində dindirilən Paşa Cəbrayılov ifadəsində bir neçə il öncə Sabirabad rayonundan paytaxta gəldiyini, burada müxtəlif yerlərdə işlədiyini, Zülfiyyə ilə Hövsan qəsəbəsindəki “Tropikanka” kafesində tanış olduqlarını göstərib: “Zülfiyyə ilə 2012-ci ilin son aylarında tanış olmuşduq. Məndən sonra həmin kafedə Zülfiyyə də işə başlamışdı, aramızda dostluq münasibəti yaranmışdı. Zülfiyyə Hövsanda qoca bir arvadın evində kirayədə yaşayırdı. Gecələr işdən çıxanda onu həmişə evə ötürürdüm. Zəhra adında bir qızı da vardı. Uşağı tez-tez özü ilə kafeyə gətirirdi. Getdikcə münasibətlərimiz istiləşmişdi, Zülfiyyənin kirayə qaldığı mənzilə köçüb onunla bir yerdə yaşamağa başladım”.

“Atam Rusiyaya göndərəcəyini desə də, sonra fikrindən daşındı”

P.Cəbrayılov ifadəsində göstərib ki, Zülfiyyənin anası xəstə olduğundan qadın bir ilə yaxın Göyçay rayonuna gedərək orada qalıb. Bu müddət ərzində dəfələrlə ona baş çəkmək üçün arxasınca rayona gedib. Ötən ilin mart ayında Zülfiyyə yenidən paytaxta qayıdıb və günəmuzd 12 manat pul almaqla başqa bir kafedə çalışmağa başlayıb: “İş elə gətirdi ki, Rusiyaya - ata-anamın yanına getməli oldum. Dörd-beş ay orada qalsam da, hər ay Zülfiyyəyə poçtla pul göndərirdim. Yanvarda Rusiyadan qayıtdım. Gələndə Zəhra üçün çəkmə, oyuncaq ayı, Zülfiyyə üçünsə qadın ləvazimatları almışdım. Yanvarın 16-da Zülfiyyə Zəhranın ad gününü kafedə qeyd etdi. Ad günündə yalnız qızların olacağını deyib mənim gəlməyimi istəmədi. İncisəm də, özünə heç nə demədim”.

İki aya yaxın paytaxtda iş tapa bilməyən P.Cəbrayılov yenidən Rusiyaya qayıtmaq istəyib. Amma bilet pulu tapa bilmədiyinə görə gedə bilməyib. Həmin ərəfədə atasıgilin Rusiyadan rayona qayıtdığını eşidib. Ailə üzvlərinə baş çəkmək üçün Sabirabada gedib. İki gün orada qalıb. Atası onu Rusiyaya göndərəcəyini desə də, sonradan fikrindən daşınıb. Ona Bakıda iş tapıb işləməyi məsləhət görüb. Atasını yola gətirə bilməyəcəyinə görən P.Cəbrayılov kor-peşman paytaxta dönüb. Elə qətl hadisəsi də həmin günün səhərisi baş verib.

“Sən artıq yolunu azmısan”

P.Cəbrayılov axşam saatlarında Hövsan qəsəbəsinə - birbaş Zülfiyyənin işlədiyi kafeyə gəlib. Amma qadını orada tapa bilməyib. Zülfiyyənin evdə olacağını güman edib. Həyətə daxil olmadan arxa tərəfdən mətbəxin pəncərəsini döyüb, lakin cavab verən olmayıb. Bütün gecəni parkda keçirən P.Cəbrayılov səhər tezdən Zülfiyyə ilə qarşılaşıb: “Uşağı məktəbə qoyub qayıdırdı. Yaxınlaşıb salamlaşdım. Gecə gəldiyimi, pəncərəni döysəm də açmadığını dedim. Söhbət edə-edə evə gəldik. Evdə məndən nə fikirləşdiyimi soruşdu. Dedim darıxma, bir iş tapacağam, nə istəsən alacağam. O isə “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə iradını bildirdi. Bununla bağlı mübahisəmiz düşdü. Ona “sən artıq yolunu azmısan” deyib otaqdan çıxmaq istədikdə anamın və nəslimin ünvanına söyüş söydüyünü eşidib geri qayıtdım”.

“Bizi bir yerdə basdırın”

Əsəbi halda qadının boğazından yapışan Paşa onu boğmağa başlayıb. Zülfiyyə huşunu itirərək yerə yıxılıb, başı televizorun altındakı şkafa dəyib. Paşa qadını ayıltmağa çalışsa da, xeyri olmayıb. Onun öldüyünü gördükdə isə özünə qəsd etmək istəyib. Otaqdan kağız-qələm tapıb “Bizi bir yerdə basdırın” tipli məktub yazaraq stolun üstünə qoyub. Sonra belindəki kəməri çıxararaq qapının ortasından bağlayıb, ilgək edib boğazına keçirib. Ayaqları yerə toxunduğu üçün özünə qəsd edə bilməyib. Gözü şkafın üstündəki ülgücə sataşıb. Ülgüclə sağ qolunu bilək nahiyəsindən kəsib. Qolundan qan gələndən sonra isə intihar etmək fikrindən daşınan Paşa əski ilə biləyini sarıyıb. Əllərinin qanını yuduqdan sonra mənzili tərk edib: “Zülfiyyəni boğsam da, onu öldürmək istəməmişəm. Məqsədim cəzalandırmaq olub. Çox peşmanam”.

“Bacım öz zəhməti ilə dolanırdı”

Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhunə Rəhimova ifadəsində bacısı Zülfiyyənin 7 ildir Bakıda yaşadığını, Türkiyə vətəndaşı Mustafa Aksoyla ailə qurduğunu, birgə nikahdan bir qızları olduğunu göstərib: “Mustafa ailəsini özü ilə Türkiyəyə aparmaq istəyirdi, bacım getmədi. Bir müddət onlara pul göndərsə də, sonra göndərə bilmədi. Bundan sonra bacımın maddi vəziyyəti pisləşdi. Zəhranı da götürüb Bakıya köçdü. Burada müxtəlif kafelərdə işləyir, kirayədə qalırdı. Paşa ilə bacımın münasibəti olduğunu bilmirdim. Bəzən xəbər etmədən dəfələrlə bacımgilə getsəm də, Paşanı onlarda görməmişəm. Bacım əxlaqlı qadın idi, öz zəhməti ilə dolanırdı. Fevralın 8-də digər bacım Arzu zəng vurub Zülfiyyənin öldüyünü dedi. Meyiti rayona aparıb dəfn etdik”.

“Dəfələrlə o qadından ayrılmasını tələb etmişdik”

Şahid qismində dindirilən Emil Rəsulov bildirib ki, qardaşının Zülfiyyə adlı qadınla münasibətindən ata-anasının da xəbəri olub. Ailə üzvləri həmin qadından ayrılmasını tələb etsələr də nəticəsi olmayıb: “Hər dəfə bir bəhanə gətirirdi. Dini nikah kəsdirdiyini, uşağı olduğunu deyirdi. Fevralın əvvəlində rayona gələndə dedi ki, Zülfiyyədən ayrılmışam. Amma atam Zülfiyyəyə zəng vurub öyrəndi ki, ayrılmayıb. Həmçinin birgə nikahları və Paşadan uşağı olmadığını da dedi. Buna görə atamla Paşanın arasında mübahisə düşdü. Paşa evdən çıxıb getdi. Ertəsi gün polisdən zəng vurub qardaşımın adam öldürdüyünü dedilər”.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər