381
Cəmiyyət 12 yanvar — 12:05

Prokuror QHT sədrinə 13 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, qanunsuz sahibkarlıqda və digər cinayətlərdə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı Mübariz Mirili çıxış edərək İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 24-də davam edəcək.

Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İlqar Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin İlqar Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İnarə

Virtualaz.org

Xəbərlər