567
Cəmiyyət 11 yanvar — 19:04

Biznesmeni amansızlıqla qətlə yetirən şəxs məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, Eldar İsmayılovun sədrllik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən V. Rüstəmov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində iş axtarmaq məqsədilə “fəhlə bazarı”na çıxdığını, mərhum Fərid Abbasovu da oradan tanıdığını bildirib: "Mənzilindəki elektrik xətlərini düzəltməyimi istədi, razılaşdım. Gördüyüm işə görə gündəlik 15 manat pul verirdi. İşlərim bitdikdən sonra da biz mütəmadi görüşürdük. Bir dəfə dedi ki, sən Rusiya vətəndaşısan, Rusiyadan və Ukraynadan cins itlərin gətirilməsində kömək etsən, satışdan əldə olunan puldan sənə də verərəm. Mən də razılaşdım. Rusiya vətəndaşı olduğuma görə orada tanışlarım çox idi. Bu barədə oradakı tanışlarıma dedim, ünvanlarını Fəridə verdim. Özü gətizdirir, satdırırdı".

V. Rüstəmovun sözlərinə görə, əldə olunan pulu yarı bölməli imişlər: "Hadisə baş verən gün yenə “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı “fəhlə bazarı”nda idim. Görüşdük, girdi mağazaya, nəsə aldı, evə gəldik, birlikdə spirtli içki qəbul etdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Mən nə qədər yalvardım ki, buraxsın, əl çəkmədi, məni boğmaq istəyirdi. Fiziki cəhətdən məndən güclü idi. Əlimə külqabı keçdi. Külqabı ilə başına vurdum. Neçə zərbə vurduğum yadımda deyil. Bundan sonra əlimin qanını yudum və sonra onun əlini və ağzını skoçla bağladım, külqabını zibil yeşiyinə atdım. Mən o evdən nə pul, nə də telefon götürmüşəm".

Zərərçəkmiş Vahid Abbasov prosesdə ifadə verərkən qətlin əvvəlcədən planlaşdırıldığını deyib: "Bu adam yalan danışır. Oğlumun 5 minə yaxın pulu olduğunu bilirdi. Ona görə də evə hazırlıqlı gəlmişdi. Çantasında skoç, kəndir və beşbarmaq olib. Qətldən sonra qapını bağlayıb gedib. Anası, mən gəlib görürdük qapı bağlıdır. Belə adamların insanlarla ünsiyyətdə olması təhlükəlidir. Xahiş edirəm ona layiqli cəza verəsiniz".

Prosesdə şahid qismində mərhumun anası Sevda Ağayeva ifadə verib. O, ifadəsində qətldən 6 ay öncə oğlunun ailəsində bəzi problemlər olduğunu, bu səbəbdən də mərhumun ailəsindən ayrı yaşadığını bildirib:"Mənzilə girəndə gördüm oğlum qanın içərisindədi. O vəziyyətdə tapdıq balamı. Pulunu kitabın içində saxlayırdı, torpaq alacaqdı. Evin hər tərəfi dağılmışdı. Oğlumun bu faciəsindən sonra biz nələr çəkdik… Təsəllimiz o oldu ki, bunu həbs etdilər".

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il yanvar ayının 7-də baş verib. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu, R. Rüstəmov küçəsindəki mənzildə tapılıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib və o, həbs edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-AğdamDairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər