492
Cəmiyyət 11 yanvar — 12:50

Qanın bədxassəli xəstəliklərinin statistikası açıqlandı

“Ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis, 109 nəfərdə isə QİÇS aşkarlanıb. Talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 42 olub”.

Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, instituta 12628 müraciət daxil olub. “Hazırda 27 523 xəstə dispanser qeydiyyatdadır. Ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 327-ində kəskin leykoz aşkarlanıb. Qanın bədxassəli xəstəlikləri hazırda müasir təbabətin aktual problemlərindən biridir. Dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizi qanın bədxassəli xəstəliklərindən olur. 15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir”, - Ç.Əsədov əlavə edib.

Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova isə deyib ki, ötən il donor kimi 44 393 nəfər qan verib. “Ölkə üzrə donorların sayı 76 692 nəfər, tədarük edilən qanın miqdarı isə 36 368.9 litr olub. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi donorların sayının artmasına səbəb olub”, - N.Abbasova qeyd edib.

Ülviyyə

Foto Samirənindir

Virtualaz.org

Xəbərlər