4729
Cəmiyyət 14 may — 12:31

Əbədi Qəhrəmanlıq. Şəhidlik zirvəsi.

ABŞ-da xüsusi təyinatlıların “Ranger” kursunu bitirən yeganə azərbaycanlı, Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti, polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə...

Yolun başlanğıcı...

Bu sətirləri yazarkən Onun haqqında, yoxsa başqa biri haqqında yazdığımı öz-özümə sual edirəm... Bir gün Murad haqqında belə bir yazı yazacağımı heç düşünməmişdim... Demək ki, qismətdə bu da varmış. Bu da Allahın Ona bəxş etdiyi, hər kəsə nəsib olmayan əbədi qəhrəmanlıq, şəhidlik zirvəsi, alın yazısıymış demək...

Qəhrəmanımızı tanıyaq:

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində sadə bir kəndli ailəsində dünyaya göz açmış, ilk təhsilini də elə bu kənddə almışdı. Gələcəkdə qəhrəman əsgər olaraq ərsəyə gəlməsini bu kənddə doğulmasına, böyüyüb boya başa çatmasına borclu idi bəlkə də... Bəlkə bu kənddən, bu torpağdan aldığı güc, qüvvət onun vətənpərvər ruhda böyüməsinə şərait yaratmışdı. 1990-cı illərin əvvəlində ölkədə baş verən proseslərə Murad biganə qala bilmirdi. Vətənin ağır günündə hərbi sahədə təhsil almağı, hərbçi olmağı özünə borc bilirdi gənc Murad. Ailəsinə bu arzusunu bildirəndə birmənalı olaraq müsbət qarşılanmadı onun bu fikri. Lakin o, hər nəyin bahasına olursa olsun, hərbi təhsil almalı, yeni qurulan ordumuzda zabit olmalı, general rütbəsinə qədər yüksəlməli, Vətəninə, xalqına layiqincə xidmət etməli idi... Onun bu iradəsi qarşısında valideyinlərinin deyəcəyi, edəcəyi bir şey qalmamışdı artıq...

Ad günü 31 marta - Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyindən, heç vaxt qeyd etməzdi. Şəhid olduğu 3 aprel tarixindən 3 gün öncə 40 yaşı tamam olmuşdu. Biz isə onu hər zaman iyun ayının 26-sında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edirdik. Muradın əsl bayramı da, elə ad günü də məhz o gün olurdu...

Hərbi təhsil

1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olduğu zaman illərdir xəyalını qurduğu həyatın, yolun başına gəlmişdi artıq... Təhsil illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə Vətənin müdafiəsi üçün, Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq Hərbi komissarlığa müraciət edir. Lakin yaşının yetərsiz olması ilə əlaqədar müraciəti qəbul edilmir və təhsilinə davam etməsi tövsiyə olunur. Beləcə, 1991-1994-cü illərdə təhsilini C.Naxçıvanski adına BİHM-də davam etdirərək yüksək dərəcə ilə ilk hərbi təhsilini tamamlayır.

1994-cü ilin iyun ayında Türkiyə Alı Hərbi Quru Qoşunları Məktəbinə (Kara Harp Okulu) daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirir. Diplomu və xatirə “Qılınc və məzun üzüyü” Ümummilli liderimiz Heydər Əliyev və o dövrün Türkiyə Cumhurbaşkanı mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbə arasından Murad birinci seçilərək “Onur Başkanı” təyin olunur. 1998-ci il sentyabrından 3 aylıq Eyirdir Dağ Komando məktəbində kursa başlayır, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən Tuzla Piyada məktəbində yeni kursa başlayıb, həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə bitirir. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmət edir.

Muradın Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmət etməsini həyat yoldaşı Fizzə də, eləcə biz qohumları da şəhid olduqdan sonra tərcümeyi-halını oxuyarkən öyrənirik. Sirr dolu həyatının bir dövründə belə bir səhifə də varmış demək... Sən demə, illərdir canlı bir əfsanə, igid, qəhrəman bir şəxsiyyətlə qohum olmuşuq, xəbərimiz yoxmuş...

Vətən çağırır…

11 aprel 2016-cı il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid pilotlar və Murad Mirzəyevlə keçirilən vida mərasimində Muradın keçdiyi həyat yolu, tutduğu vəzifələri barədə məlumat verilərkən təyin olunduğu hər vəzifəsində, ümumilikdə xidmət etdiyi illər boyu daim yüksəlişdə olması və Vətənə qüsursuz xidmət etməsi xüsusilə vurğulandı. Belə ki…

Qəhrəmanımız 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilir.

Eyni zamanda, qeyd olunmalıdır ki, Murad 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunu tamamlayır. Beləcə O, dünyanın ən ağır təlimli, xüsusi təyinatlılar üçün nəzərdə tutulan ən çətin “Ranger” kursunu təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək bitirən yeganə Azərbaycanlı olma qürurunu yaşayır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir.

2-5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrupu ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Sözün bitdiyi yer

Həyatda bəzi insanlar var ki, sanki öncədən bilirmiş kimi, qısa ömrünə böyük dastanlar sığdırırlar... Murad da həyatda iz qoyan, 40 illik ömrünə belə şanlı səhifələr yazdıran seçilmiş insanlardan idi. Özündən sonra gələn nəslə vətənpərvərlik, igidlik, qəhrəmanlıq nümunəsi olaraq...

Bu gün Muradı qəlbində, xatirələrində daim yaşadan və yaşadacaq, “Murad və Fizzə”ni tək ürəkdə birləşdirmiş çox sevdiyi həyat yoldaşı Fizzə, canından çox sevdiyi bizlərə, vətənə yadigar qoyub getdiyi övladları Nurlan və Dəniz, onları heç vaxt yalnız qoymayacağına and içmiş biz yaxınları və ən əsası, Azərbaycan xalqı, Azərbaycan Dövləti var. Məzarında rahat yat, əziz qardaşım, gözün arxada qalmasın, cənab Polkovnik... Sənin yadigarların artıq bizə, Vətənə əmanətdir...

Biz səni sadəcə Murad adı eşidəndə xatırlamayacağıq. Biz hər Talış kəndi, Tərtər, Ağdərə, Laçın, Şuşa, Qarabağ, Üçrəngli Azərbaycan Bayrağı, Vətən, Azərbaycan eşidəndə Səni xatırlayıb, daim yad edəcəyik... Qısa, lakin çox mənalı ömrünün 12 ilində bizə yer ayırdığın üçün, yaddaşımıza xoş xatirələr yazdığın üçün, bizlərə belə bir fəxarət hissini yaşatdığın üçün, ailəmizin, xalqımızın, millətimizin, Dövlətimizin başını daim uca tutduğun üçün sənə təşəkkür edirik, bizim Milli Qəhrəmanımız cənab polkovnik Murad Mirzəyev... Sənin hər zaman bizə söylədiyin kimi: “Mən bir gün Vətən uğrunda şəhid olsam, başınızı dik tutun, sadəcə “Vətən sağ olsun” deyin”, - deyirik artıq. VƏTƏN SAĞ OLSUN!!!

Maqsud Həsənov

Virtualaz.org

Xəbərlər