1657
Cəmiyyət 11 oktyabr — 16:20

Meşədə baş verənlər kameralarla izləniləcək, cərimələr 4-5 dəfə artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara ziyan vuran şəxslərə qarşı cərimələrin 4-5 dəfə artırılması üçün Nazirlər Kabinetinə müraciət edib. “Ona görə yox ki, biz insanların cərimələnməsini istəyirik. Ona görə ki, yaşıllıqları qıran insanlar cərimələrin çox olmasından narahat olaraq çəkinsinlər. Yəqin ki, biz yaxın vaxtlarda cərimələrin artırılmasının şahidi olacağıq”,- deyə nazir müavini Firdovsi Əliyev bildirib.

Firdovsi Əliyev həmçinin bildirib ki, meşələrin bərpası üçün onların mühafizəsinə diqqət yönəldiləcək. Bunun üçün meşələrə kameraların quraşdırılması nəzərdə tutulub.

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır. Bu da havanın çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur. Əhali tərəfindən ETSN-yə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb.

Bunu isə nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, may ayinda aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib.

“Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilmiş, onlarla görüşlər keçirilmiş və qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi. Verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir”.

Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaqdır.

R. Bağırov həmçinin qeyd edib ki, Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində demək olar ki, heç bir iş görülməyib.

*   *   *15:32

Bu ilin son 6 ayı ərzində Bakıda 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib. Bununla bağlı 59 təqsirkar  şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib.

Virtualaz.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

F.Əliyevin sözlərinə görə, son 3 ayda isə12 ağac kəsilib, 14 ağac zədələnib. Aparılan təhlillərdən bəlli olub ki,  nazirliyin “qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında azalma var. May ayında ağac kəsintisi ilə bağlı  30 şikayət daxil olduğu halda, sentyabrda 15 edilib. Nazir müavinin sözlərinə görə, vətəndaşların şikayəti əsasında 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Amma görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq hələ də ağacların kəsilməsi faktına rast gəlinir. “Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun ağac kəsilməsi faktları tam aradan qaldırılacaq. Bunun üçün qəti addımlar atılacaq”,- Firdovsi Əliyev bildirib.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər