892
Cəmiyyət 10 iyul — 15:42

“Ərimin qulağını kəsəcəkləri ilə hədələdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində iranlı iş adamının oğlunu qətlə yetirməkdə və digər cinayətlərdə ittiham olunan dəstə üzvləri - Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə zərərçəkmiş Rəna Zərbəliyeva dindirilib. O, ifadəsində təqsirləndirilən şəxslərin onların Kürdəmir rayonundakı evlərinə basqın etdiklərini, mənzildən 33 min manat qızıl-zinət əşyaları tələb etdiklərini göstərib: “Həyat yoldaşım televizora baxırdı. Mənsə yatmışdım. Ayılanda gördüm ki, əl-qolumu bağlayıblar. Evin içərisində dörd nəfər vardı. Yalvardım, dedim bizi buraxın. Yunus Camallı dedi ki, pul, qızıl verin, sizi öldürməyək. Ərimin qulağını kəsəcəkləri ilə hədələdilər. Evin altını üstünə çevirdilər, 33 min manat dəyərində qızıl-zinət əşyaları aparıb getdilər".

Zərərçəkmiş ifadəsində mənzilə basqın edənlərə qardaşı qızı - hazırda dəstə üzvləri ilə birgə mühakimə olunan Rəşidə Seyidova köməklik edib: "Biz o evə yenicə köçmüşdük. Oğlumu evləndirəcəkdim. Qardaşım qızı Rəşidə isə hadisədən əvvəl anam xəstə olanda bizə gəlmişdi. Həmin şəxslərə yolu Rəşidə göstərib. Çünkü giriş tərəfdən içəri girə bilməzdilər. Rəşidə onlara arxa qapının yerini göstərib. Bu işdə ən böyük günahkar qardaşım qızıdır. Əvvəl evil olub, iki uşağı var”.

Zərərçəkmiş dəymiş ziyanın ödənilməsini tələb edib.

Prosesdə R.Zərəbəliyevanın həyat yoldaşı Zahid Zərbəliyev də dindirilib. O, hadisə ilə bağlı anoloji ifadə verib.

Təqsirləndirilən Ceyhun Talıblı ifadəsində deyib ki, Zərbəliyevlər ailəsinin evinə oğurluq məqsədi ilə gediblər: "Biz evə girəndə ər-arvadının otaqda olduğunu gördük və onların əl-qolunu bağladıq. Rəşidə maşında oturub bizi gözləyirdi. Mənzildən qızıl və 1800 manat pul apardıq. Qızılları satıb, aramızda böldük”.

Təqsirləndirilən R.Seyidova ifadəsində günahsız olduğunu deyib: “Mən Pərvinlə sevgili idim, evlənəcəkdik. Hadisə zamanı orada olmamışam. Xalamın da, bibimin də evini tanışlıq məqsədi ilə göstərmişəm. Mənim heç bir günahım yoxdur. Hadisədən sonra Ceyhun məni ölümlə hədələdi, uşaqlarımı və Pərvini öldürəcəklərini dedilər. Evdən aparılan pullardan bizə heç nə verməyibilər. Bu işdən heç xəbərim də olmayıb. Pərvin basqın barədə mənə hadisədən sonra dedi, mübahisəmiz düşdü, dalaşdıq, məni döydü".

Məhkəmənin prosesi iyulun 17-də davam edəcək.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə daxil olaraq Saman Mohtatini yastıqla boğub öldürüblər. Dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi olub. Dəstə üzvlərinin mənzilə daxil olmasını evdəki müşahidə kameraları lentə alıb.

Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Virtualaz.org

Xəbərlər