457
Cəmiyyət 14 iyun — 13:43

Fransada Qafqaz mafiyası ifşa olundu

Fransanın Nansi şəhər məhkəməsində Qafqazdan olan kriminal qruplaşmanın 30-dan çox üzvünün məhkəmə prosesi davam etdirilr.

Virtualaz.org-un məlumatına görə, dəstə üzvləri özgə əmlakının güclə ələ keçirilməsi, mənimsənilməsi, çirkli pulların yuyulması və s. bu kimi ağır cinayətlərdə ittiham olunurlar.

Beş ildən bəri davam edən istintaq araşdırmaları nəticəsində müttəhimlər kürsüsündə 34 nəfər əyləşib. Onların dördü qadındır. Təqsirləndirilən şəxslərin əksəriyyəti gürcülər olsa da,aralarında azərbaycanlılar, ermənilər və ruslar da var. 2015-ci ilin iyun ayından bəri dəmir barmaqlıqlar arxasında eyni ittihama görə mühakimə olunanların yaş həddi 25-61 arasındadır.

Dəstə üzvləri 2013-2015-ci illər ərzində Strasburqda, La-Roşeldə, Puatedə çoxsaylı cinayətlər törədiblər. İstintaqçıların fikrincə, banda üzvləri həmçinin Almaniyada, İsveçrədə, Belçikada və Niderlandda da oxşar cinayətlərə “imza atıblar”. Əgər ittiham öz təsdiqini taparsa, dəstə üzvlərinin hər birini 10 ilə yaxın cəza gözləyir. Məhkəmə öz hökmünü sabah – iyunun 15-də elan edəcək.

İstintaqı aparan müstəntiqlər deyirlər ki, 2012-ci ildə Strasburq polisinin diqqətini Qafqazdan gəlmələrin iştirakı ilə edilən oğurluqlar çəkib. Əməliyyatlar “Qafqaz-67" kod adı altında keçirilib. Və məhz bundan sonra dəstənin ən güclü üzvləri həbs olunub.

Uzunmüddətli izləmələrdən və telefon dinləmələrindən sonra dəstə üzvləri yaxalanıb. Həbs edilənlər arasında kriminal avtoritelər və “qanuni oğru”lar da olub. 

Həbs olunanlardan biri Avropada gürcü mafiyasının başçılarından hesab edilən 46 yaşlı Kaxaber Şuşanaşvilidir. Bir il öncə Şuşanaşvili İspaniyada 15 il müddətinə azadlıqdan məhrum olunub və Fransaya ekstradisiya edilib. O, 2010-cu ildə Marseldə öz həmyerlisinin qətlini sifariş etməkdə ittiham olunur. K.Şuşanaşvili ciddi rejimli cəzaçəkmə müəssisəində təkadamlıq kamerada saxlanılır. “Qanuni oğru”nun vəkili isə hüquqlarını müdafiə etdiyi şəxslə bədheybət kimi davranıldığını iddia edir. 

İstintaqın gəldiyi nəticəyə görə, K.Şuşanaşvili ilə yanaşı onun qardaşı Laşa Şuşanaşvili də Strasburqun oğru qruplaşmalarına rəhbərlik edib. 

Laşa Şuşanaşvili hazılrda beynəlxalq axtarışdadır. O, Nansi məhkəməsində mühakimə olunanlarla eyni skamyanı bölüşmür. Amma qardaşı K.Şuşanaşvili də daxil olmaqla oğru dünyasının nüfuzu şəxsləri - Zaza Elikaşvili, Qiya Qalskiy və Bidzin Bakuridze hakim qarşısnıa çıxarılıblar.

Adları çəkilən "qanuni oğru”lar Qərbi Avropa ölkələrində 2000-ci illərin ortalarından “işləyirlər”. Onlar dəfələrlə Yunanıstanın, İspaniyanın, İtaliyanın və Fransanın hüquq-mühafizə orqanlarının əllərinə düşüblər...

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər