541
Cəmiyyət 13 iyun — 14:38

Almaniyada miqrantlara qarşı xüsusi əməliyyat

Almaniyada ölkəyə qanunsuz miqrant keçirənlərə qarşı xüsusi əməliyyat davam edir. Əməliyyata yüzlərlə alman polisi cəlb olunub.

Bu barədə “dpa”ya Almaniya federal polisinin nümayəndəsi məlumat verib.

Məlumata görə, xüsusi əməliyyat mütəşəkkil cinayətkar şəbəkə üzrə iş çərçivəsində aparılır. Söhbət xüsusən də, Hindistan və Pakistandan gələn qanunsuz miqrantlara yaşayış icazəsi verən və onların Almaniyaya keçidini təmin edən şəbəkə ilə mübarizədən gedir.

İrimiqyaslı xüsusi əməliyyat bir neçə şəhərdə - Saksoniya və Saksoniya-Anxalt əyalətlərinin Leypsiq, Aylenburq, Xetştedt və digər şəhərlərində aparılır. Əməliyyatın digər federal ərazilərdə də davam etdiriləcəyi bildirilir.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Almaniyanın 280 federal polisi və gömrükçüsü Şlezviq-Qolşteyndə, Alt Saksoniyada və Şimali Reyn-Vestfaliidə on bir mənzildə və işgüzar yerdə də axtarış aparıb. Həmin axtarışlar Almaniyaya qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olmuş Azərbaycan və Rumıniya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin araşdırılması çərçivəsində həyata keçirilib.

Almaniyanın üç regionunda aparılan axtarışların gedişatında polis əməkdaşları və gömrükçülər müxtəlif sənədləri, pulu, saxta şəxsiyyət vəsiqələrini, kompüterləri, mobil telefonları və silahları sübut kimi götürüblər.

Flensburq şəhərinin prokurorluğu tərəfindən beş nəfərə qarşı cinayət işi qaldırılıb. İstintaq onları Almaniyaya miqrantların qanunsuz trafikində və sonradan sənədlərin qanuni şəklə salınması işinin təşkilində əsas günahkar hesab edir.

Bildirilir ki, cinayətkar qruplaşma əsasən Moldovadan qanunsuz miqrasiyanın təşkili ilə məşğul olub. Cinayətkarlar miqrantları Avropa Birliyinə girişə icazə, ölkədə olma və iş icazəsi kimi saxtalaşdırılmış sənədlərlə təchiz ediblər.

İndi istintaq onlar tərəfindən Almaniyaya nə qədər insanın keçdiyini və federal büdcəyə vurulmuş maddi ziyanın ölçüsünü müəyyən etməyə çalışır.

Virtualaz.org

Xəbərlər