468
Cəmiyyət 14 mart — 14:05

Direktor: "Leyla Şıxlinskaya məni təyin edəndə tapşırdı ki, maliyyə işlərinə qarışmayım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın klinikası”nın böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə “Leyla Şıxlinskaya" klinikasında çalışan həkimlər və klinikada müalicə olunan xəstələr şahid qismində dindiriliblər.

Klinikada iki dəfə müalicə olunan Yeganə Şahnəzədova yaxınları tərəfindən kassaya ödəniş olunduğunu deyib.

Sözügedən kilinikada həkim işləyən Yelena Smirnova ifadəsində gecə növbəsində 50 manat, bayram günlərində isə 70 manat pul aldığını göstərib. O, pulu kassadan aldığını deyib.

Şahid qismində dindirilən Qalib Hüseynov və Həmid Hətəmov "Leyla Şıxlinskaya" klinikasında yaxınlarının əməliyyat olunduğunu, kassaya ödəniş etdiklərini bildiriblər.

Şahid Sevda Əlizadə 2015-ci ilə qədər “Leyla Şıxlinskaya” klinikasında baş həkimin müavini və direktor vəzifəsində çalışdığını məhkəmənin diqqətinə çatdırıb: "Leyla xanım məni direktor təyin edəndə qarşıma şərt qoydu ki. Mənim işim ancaq müalicə ilə bağlı olub, əməliyyatlara nəzarət edirdim. Əmək haqqımın bir hissəsini kartla, bir hissəsini isə kassadan almışam. Dəqiq bilmirəm, amma yəqin, vergiyə görə belə idi. Maliyyə işlərinə Leyla xanım özü nəzarət edirdi. Klinikada hər hansı fırıldağın olub-olmadığını deyə bilmərəm".

Məhkəmə prosesi aprelin 6-na davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Virtualaz.org

Xəbərlər