496
Cəmiyyət 13 fevral — 14:37

Gəncədə də böyük tikinti başlayacaq

Gəncədə yeni yaşayış binalarının inşasına başlanılacaq.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, icra başçısı Elmar Vəliyev şəhərsalma ilə bağlı keçirdiyi görüşdə bu məsələ ilə bağlı memarlarla müzakirələr aparıb.

İcra başçısı bildirib ki, Gəncə şəhərində sıxlığın aradan qaldırılması, yöndəmsiz evlərin sökülməsi məqsədi ilə xüsusi plan hazırlanır.

Bu plana uyğun olaraq söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binalar inşa olunacaq. Binaların alt hissəsində avtomobil dayanacağı, birinci və ikinci mərtəbələrdə alış-veriş mərkəzi, digər mərtəbələrində isə mənzillər yerləşəcək.

Şəhərin Nizami prospektinin 50 metr enində genişləndirilməsi zamanı yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Ümumilikdə 1,5 km məsafədə sıxlığın aradan qaldırılması nəzərdə tutulub.

Layihə çərçivəsində Gəncədə sosial təyinatlı obyektlər də inşa olunacaq. E. Vəliyev bildirib ki, qədimliyi qoruyub saxlamaqla, Gəncənin müasirləşməsinə, gözəlləşməsinə xidmət edəcək layihə çərçivəsində Qəmbər Hüseynli küçəsindən Əttarlar küçəsinədək Nizami prospektinin sağ tərəfində tikiləcək 10 ədəd 9 şoxmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub. Ən yaxşı layihə təqdim edən memar üçün qiymətli mükafat nəzərə tutulub.

Yeni inşa olunacaq binalarda öncə 150 nəfər evi söküləcək ailələr yerləşdiriləcək. Digər mənzillər isə ipoteka və kreditlə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Yeni layihənin həyata keçirilməsi Gəncədə nəqliyyat tıxacının qarşısının alınmasına da imkan verəcək.

Xəbərlər