282
Cəmiyyət 6 oktyabr — 14:13

Qəbələ sakini qaçırdığı avtomobillə Bakıda dörd maşını və iki piyadanı vurdu

Oktyabrın 5-də saat 2 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən virtualaz/org-a bildiriblər ki, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq polis bölməsinə gətirilib. Araşdırmalarla onun Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub. Sükan arxasındakı bu şəxsin sərxoş halda olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib.

Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Tərtər şəhər sakini Sərxan Əlizadə də oktyabrın 5-də saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə müraciət edib.

Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb və onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib. Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər