587
Cəmiyyət 13 avqust — 17:46

Bakı sakinləri isti havalarda necə dincəlir?

Son vaxtlar havaların isti keçməsi Bakı sakinlərini əldən salıb. Xüsusən də, günün pik saatlarında küçəyə çıxmaq məcburiyyətində qalan paytaxt əhli kölgəlik yerlərdə heç olmasa, bir neçə dəqiqə dincəlmədən yola davam edə bilmir. Bunu paytaxt parklarında dincələnlənlər də təsdiqləyirlər.

Sakinlərin günorta saatlarında Bakı Bulvarından sonra ən çox üz tutduqları Sahil bağı, S.Vurğun bağlı, Xaqani bağı, Yasamal parkı və digər parklardır.

S.Vurğun bağında ağac kölgəsində əyləşən Xətai rayon sakini Mirzə Mirzəyev deyir ki, evdə kondisioner havasını udmaqdansa, sərin ağac kölgəsində təmiz hava udmaq daha faydalıdır: “Temperatur kölgədə 40 dərəcəni keçib, neyləyək, başqa hara gedək? Ən yaxşısı bu bağdır. Kondisionerin havasındansa, isti də olsa, təmiz hava udmaq faydalıdır. Bir şüşə su da alıram, hər gün gəlib otururam burada”, - deyə paytaxt sakini bildirir.

Sahil bağında da eyni vəziyyətlə qarşılaşdıq. Fontanın suyunda əl-ayağını yuyub sərinlənən kim, ağacların altında, yaşıl otun üzərində uzanan kim.

Digər bir şəhər sakini Səmayə Yusifli isə deyir ki, isti havalarda mümkün qədər küçəyə çıxmır: “Saat 9-dan 5-ə kimi kölgədə oluram, sonra çıxıram küçəyə. Ürəyim xəstədir, belə havada həyətdə gəzə bilmərəm. Evdə də bütün otaqlarda kondisioner işləyir. Bir də küçəyə çıxdımsa, gün kremindən istifadə edirəm”.

Qeyd edək ki, ölkə ərazisində yaxın günlərdə də havanın temperaturunun  yüksək olacağı gözlənilir.

G.Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər