894
Bu gün 19 iyun — 16:55

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Virtualaz.org xatırladır ki, son Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində turnirə qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi Gürcüstanın "Samtredia" klubu olub. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

İkinci mərhələnin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib ki, onların qismətinə rəqiblərdən ən çətini düşüb: "5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

Q.Qurbanov onu da vurğulayıb ki, hazırda Gürcüstan çempionatının davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.

Xəbərlər