534
Bu gün 19 iyun — 10:31

Fransada Makronun partiyası böyük fərqlə qalib gəldi

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

RİA Novosti bildirir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, "Kommunist Partiyası" – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.

“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.

Xatırladaq ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi səsvermədə iştirak etməyib.

Daha bir maraqlı məqam. Virtualaz.org-un məlumatına görə, ilkin məlumatlara əsasən, bu seçkilərdən sonra Milli Assambleyaya 158 qadın deputat seçilib ki, bu da Fransa tarixində yeni rekorddur. Belə ki, 2012-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyanın 577 deputatından 155-i qadın olmuşdu.

*   *  *23:18

Fransada parlament seçkilərinin II turunda prezident Emmanuel Makronun "İrəli, respublika" partiyası liderlik edir.

"Report" xəbər verir ki, ilkin nəticələrə görə, “İrəli, Respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 355-ni qazanıb.

Seçki bülletenlərinin 56,76%-nin (11,8 milyon) hesablanmasından sonra, ölkə üzrə seçicilərin ümumilikdə 41,25%-i "İrəli, Respublika"dan olan namizədlərə səs verib. Onun ardınca 22,59% ilə sağmərkəzçi "Respublkaçılar" partiyası, Marin Le Penin sağçı "Milli Cəbhə" partiyası (9,93%), solmərkəzçi "Sosialist partiyası" (6,24%) və Jan-Lük Melanşonun solçu "Fəth olunmamış Fransa" partiyası (2,89%) qərarlaşıb.

Makronun hərəkatının "Modem" partiyasından ("Demokratik hərəkat") olan müttəfiqləri səslərin 5,90% toplayır.

Virtualaz.org xatırladır ki, “İpsos/Sopra Steria” sorğu şirkətinin hesablamalarına görə, seçicilərin 57 faizi səsvermədə iştirak etməyib. Bu, Fransa tarixində anti-rekorddur.

*   *   *10:53

Bu gün Fransada yerli vaxtla saat 8:00-da başlayan parlament seçkilərinə səsvermə axşam saat 18:00–da, böyük şəhərlərdə isə saat 20:00-da başa çatacaq.

Parlament seçkilərinin 2-ci turunda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək. Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.

İyunun 17-də saat fərqi nəzərə alınaraq Fransanın dənizaşırı departament və ərazilərində seçkilər başa çatıb. Ancaq seçkilərin ümumi nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.

Parlament seçkilərini 2-ci turu ərəfəsində “Le Point” üçün Odoxa Dentsu Consulting şirkətinin keçirdiyi rəy sorğularının nəticələrinə görə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 430-dan 460-dək yerə, Respublikaçılar 70-dən 95-dək, Sosialistlər 25-dən 35-dək, “Fəth edilməyən Fransa” hərəkatı 8-dən 17-dək, Milli Cəbhə partiyası 1-dən 6-dək yerə sahib ola bilər.

“Les Echos” qəzeti və “Radio Classique” radiosu üçün Opinionway/Orpi şirkətinin apardığı rəy sorğularına görə isə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 440-dan 470-dək, Respublikaçılar 70-dən 90-dək, Sosialistlər 20-dən 30-dək, “Fəth edilməyən Fransa” hərəkatı 5-dən 15-dək, Milli Cəbhə partiyası 1-dən 5-dək yerə sahib olacaq.

Aparılan rəy sorğularının nəticələrinə görə seçicilərin 53 faizinin səsvermədə iştirak etməyəcəyi güman edilir.

Qeyd edək ki, parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.(AzərTAc)

Xəbərlər