518
Bu gün 11 yanvar — 20:19

“Binəqədidə yanan bina”: təqsirləndirilənlərə bəraət istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Öncə “Global Stone”MMC-nin baş direktoru Uğur Bəşirovun vəkili Vüsal Hüseynov çıxış edib. O, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamın işin faktiki halları ilə ziddiyyət təşkil etdiyini deyib: “İstintaqın gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil. Çünki həqiqət bilərəkdən, məqsədli şəkildə təhrif olunub. İrəli sürülən ittiham işin faktiki halları ilə qətiyyən üst-üstə düşmür. Uğur Bəşirovun həm ibtidai istintaq dövründə, həm də məhkəmədə verdiyi ifadələrindən məlum olur ki, onun “Global Constraction” MMC tərəfindən Azadlıq prospektində aparılan təmir işlərinə aidiyyatı olmayıb. Binəqədi Rayon İcra Hakimiyyəti ilə podrat müqaviləsi “Global Stone” MMC yox, “Global Constraction” MMC ilə bağlanılıb. Müvəkkilimin isə “Global Constraction” MMC-yə və həmin şirkət tərəfindən aparılan işlərə aidiyyatı olmaması ilə yanaşı, işlərə müdaxilə etmək səlahiyyəti də olmayıb. Cinayət işi materiallarının tədqiqində bunun əksini təkzib edə biləcək heç bir sübut yoxdur”.

Vəkil həmçinin bildirib ki, Azadlıq prospektindəki binanın üzlənməsində istifadə olunan poliuretan lövhələrin hazırlanmasına müdafiə etdiyi şəxsin aidiyyatı olmayıb: “Üzləmə işləri 2012-ci ilin aprel ayından başlanıb, 2013-cü ilin aprel ayında başa çatıb. Bu da Uğur Bəşirovun “Global Stone” MMC-yə direktor təyin olunmasından iki ay əvvələ təsadüf edir. Bina üzlənən zaman Uğur Bəşirov orada direktor olmayıb. Bu, məhkəmə iclası zamanı da sübuta yetirildi. Məhkəmə iclasında həm Miryusif Mahmudov, həm də Ələkbər Əsgərov təsdiq etdilər ki, Uğur Bəşirovun “Global Stone” MMC-nin 2010, 2011, 2012 və 2013-cü ilin iyun ayına qədərki fəaliyyəti ilə qeyri-rəsmi də olsa, heç vaxt əlaqəsi olmayıb. Digər təqsirləndirilən şəxslər – Akif Əlibəyov, Ağacavad Məmmədov, Ədalət Rəcəbov və Qəzənfər Novruzov isə Uğur Bəşirovu ilk dəfə məhkəmə iclasında gördüklərini dedilər”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun vəkili Pərviz Zamanlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Daha sonra digər təqsirləndirilən - “Global Stone” MMC-nin keçmiş sədr müavini Ələkbər Əsgərovun vəkili Elvin Səlimov müdafiə çıxışı edib. O, ittihamın əsassız, qərəzli olduğunu deyib: “İbtidai istintaq orqanı müdafiə etdiyim şəxsə qarşı qərəzli ittiham irəli sürüb. Heç bir sübut olmaya-olmaya, Ələkbər Əsgərova ittiham verilib. Bircə sübut ortaya qoyulsun ki, kimisə işə götürüb, kiməsə göstəriş verib. Belə bir sübut yoxdur. Bunlar hamısı ittihamın qərəzliliyindən irəli gəlir”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “İttiham təsdiqini tapmayıb. Müdafiə etdiyim şəxsə qarşı irəli sürülən ittihamlar fərziyyədən başqa heç nə deyil. İttiham aktında Ələkbər Əsgərovun cinayət törətməsi ilə bağlı sübutlar yoxdur, bu səbəbdən də ona bəraət verilməlidir”.

Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər