635
Bu gün 11 yanvar — 17:43

Beynəlxalq Bankda sağlamlaşdırma proqramı

“Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir”.

APA xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir.

“Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, - deyə X.Əhədov qeyd edib.

Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.

X.Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

Virtualaz.org xatırladır ki, Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə dünən seçilib.

X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib. Bank sektorunda 1999-cu ildən çalışan X. Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Xəbərlər